Azərbaycan adına qızıl medal qazandığımız üçün sevincliyik.
Bunu “Report”a açıqlamasında Azərbaycanın “Baku Flames” hokkey komandasının üzvü Amir Naxçıvani deyib.
Hokkeyçi Tatarıstanın paytaxtı Kazanda iştirak etdikəri İslam ölkələri arasında “Orxis Cup” beynəlxalq turnirində qızıl medal qazanmaqları barədə danışıb: ”Yer aldığımız B Liqasında 3 oyun keçirdik və hamısını qələbə ilə başa vurduq. Növbəti ildə A Liqasında çıxış edəcəyik. Bəhreyn yığması ilə iki dəfə qarşılaşdıq. Çünki bizimlə eyni liqada yer alan Pakistan hokkeyçiləri viza problemini həll edə bilmədikləri üçün turnirə qatıla bilmədilər”.
A.Naxçıvani “Baku Flames”in fəaliyyətindən danışıb: “Biz yarışlarda həvəskar kollektiv kimi çıxış edirik. Komandamızın heyətində bir neçə azərbaycanlı və ölkəmizdə yaşayan əcnəbi idmançılar yer alıblar. Həftədə 3 dəfə olmaqla məşqlərimizi Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirik”.
Qeyd edək ki, “Baku Flames" Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” beynəlxalq turnirində yer aldığı B Liqasının qalibi olub. Komanda İrana (11:6), iki dəfə (8:3, 7:3) isə Bəhreynə qalib gəlib.