Azərbaycan millisinin baş məşqçisi: "Məğlubiyyətləri görmədən bunu bacara bilmərik"

Azərbaycan millisinin baş məşqçisi: "Məğlubiyyətləri görmədən bunu bacara bilmərik" "Növbəti turnirlərdə hədəfimiz qrupdan çıxmaq olacaq. Bu yarışdakı məğlubiyyətləri, səviyyəni görmədən bunu bacara bilmərik".
Komanda
27 Noyabr , 2023 11:05
Azərbaycan millisinin baş məşqçisi: Məğlubiyyətləri görmədən bunu bacara bilmərik

"Növbəti turnirlərdə hədəfimiz qrupdan çıxmaq olacaq. Bu yarışdakı məğlubiyyətləri, səviyyəni görmədən bunu bacara bilmərik".

Bunu "Report"a açıqlamasında 18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Çatma Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirakları ilə bağlı danışarkən deyib.

Mütəxəssis avqust ayında 2007, 2008, 2009 və 2010-cu il təvəllüdlü oyunçularla məşqlərə başladıqlarını bildirib.

O, turnirdə 2007 və 2008-ci il təvəllüdlü voleybolçularla mübarizə apardıqlarını söyləyib: "Bu, AVRO-2024-ə seçmə xarakter daşıyan yarış idi. Bütün qarşılaşmalarda 0:3 hesabı ilə məğlub olduq. Əlbəttə bu, bizi qane edən nəticə deyil. Amma buraya gələndə nəticədən əvvəl qızların əldə edəcəyi təcrübə və belə səviyyəli turniri görmələrinin bizim üçün çox önəmli olduğunu bilirdik. Bunun üçün burada idik. Düşünürəm ki, bu görüşlərdən sonra voleybolçularımızın baxışı fərqli səviyyəyə çatacaq. Bizim təcrübəmiz yetərli deyil. Digər kollektivlərin hamısı daha əvvəl 4 çempionata qatılıblar. Bu isə beşinci idi. Bizdə isə ilkdir. Etiraf etməliyik ki, çempionatdakı komandalar bizdən daha güclü idilər".

Şahin Çatma Gürcüstanla sonuncu görüşdən sonra rəqib baş məşqçi ilə söhbət etdiyini diqqətə çatdırıb: "Mənə dedi ki, biz də ilk dəfə bu turnirə qatılanda sizdən bir fərqimiz yox idi. Sonra bu səviyyəyə çatıblar. Bizim isə yolumuz uzundur. İşə başlamamışdan əvvəl də bunu bilirdim".

Türkiyəli mütəxəssis yanvarda 20 yaşadək voleybolçuların da eyni turnirə qatılacağını xatırladıb: "O da bundan fərqlənməyəcək. Bizim fiziki və texniki səviyyəmiz çox aşağıdır. Mən Azərbaycandakı baş məşqçiləri də başa düşürəm. Belə yarışlara daha əvvəl az getdikləri üçün bu səviyyəni bilmirlər. Amma onlarla bərabər işləməliyik. Bu, tək mənim edə biləcəyim iş deyil. Naxçıvanda, Gəncədə, Tovuzda məşqçilər təyin etmişik. Aşağı yaş qruplarımız geniş olmalıdır. 2011, 2012, 2013 və 2014 təvəllüdlü oyunçular 2025 və 2027-ci ildəki Avropa çempionatı üçün hazırlanır. 2024-cü il bizim üçün çox sıx keçəcək. Gələcəyimiz üçün yeni işlər görməliyik. Amma bunu birlikdə etməliyik. Federasiyamızın da bizə dəstəyi böyükdür. Onlar da səy göstərirlər, biz isə etimadı doğrultmağa çalışırıq. Məqsədimiz Azərbaycan voleybolunu zirvələrə qaldırmaqdır".

Qeyd edək ki, U-18 Latviya, Ukrayna, Estoniya, Litva, Polşa və Gürcüstana 0:3 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi