Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir nüfuzlu yarışa təyinat alıblar.
"Report" xəbər verir ki, onlar qadın həndbolçular arasında Çempionlar Liqasının B qrupunda Rusiyanın MOİK və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar.
Moskvadakı "Dinamo" arenasında təşkil olunacaq ilk qarşılaşma yanvarın 31-də, cavab matçı isə fevralın 1-də oynanılacaq.
Qeyd edək ki, bu görüşlər ötən ilin noyabrında keçirilməli idi. Amma "Podravka Vegeta"nın həndbolçularından birində koronavirus aşkarlandığı üçün oyunlar təxirə salınmışdı.