"Mən indi maraqsız həyat yaşayıram. Gəncləri Avropa çempionatına göndərmişəm. Orada nə edəcəklər"?
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev jurnalistlərlə görüşündə yığmanın Avropa çempionatındakı şanslarını dəyərləndirərkən deyib.
O bildirib ki, Serbiya, Rusiya kimi kollektivlərin qarşısına çıxmaq üçün 4 il hazırlaşmalısan: "Pandemiya vaxtı voleybolçulara proqram verdik. Sonra öz-özümə dedim ki, ayıbdır. Evdə oturub-qalxmaqla məşq etmək olmaz. Bəlkə də bu, fərdi idman növündə fayda verər. Amma voleybol üçün münasib variant deyil".
Super Liqa və Yüksək Liqanın taleyinə də toxunan federasiya rəsmisi çempionatın keçirilməsinin sual altında olduğunu söyləyib: "Mən 2 klubla necə çempionat təşkil edim? Hazırda yalnız "Azerreyl" və "Murov" fəaliyyətini davam etdirir. Bu vəziyyətə görə utanıram. Ölkə rəhbəri voleybolu çox yaxşı bilir. Yəqin ki, bəzi dəyişikliklər edəcək. Vətən müharibəsindəki qələbə hamımızı ruhlandırıb. Yaxşı idmançılar, mütəxəssislər var. Prezidentdən bir xahişimiz var ki, bu idman növünün yenidən ayağa qalxması üçün yardım etsin. Bizə bir az kömək lazımdır. Ölkədə voleybolun ölməsini istəmirəm. Bunun üçün yalnız ölkə rəhbərliyinin tapşırığı olmalıdır".
Qeyd edək ki, Avropa çempionatında A qrupunda yarışacaq millinin rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa, Bosniya və Herseqovina yığmaları olacaq.