Federasiya rəsmisi: "Vətən müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm"

Federasiya rəsmisi: "Vətən müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm" "30 ilə yaxın idi xalq olaraq bu qələbəni gözləyirdik. Nəticədə müstəqillik tariximizdə ilk zəfər paradımızı keçirdik. Şanlı tariximizin yazıldığı Vətən Müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm. Çətin günlərdə dəstəyini əsirgəməyən dostlara təşəkkü
Komanda
30 Dekabr , 2020 15:49
Federasiya rəsmisi: Vətən müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm
Mahal Məmmədov

"30 ilə yaxın idi xalq olaraq bu qələbəni gözləyirdik. Nəticədə müstəqillik tariximizdə ilk zəfər paradımızı keçirdik. Şanlı tariximizin yazıldığı Vətən müharibəsinin iştirakçısı olmağımla fəxr edirəm. Çətin günlərdə dəstəyini əsirgəməyən dostlara təşəkkürümü bildirirəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədov 44 günlük Vətən müharibəsində iştirakı və qazanılan qələbə barədə danışarkən deyib.

Qismən səfərbərlik elan ediləndən sonra hərbi xidmətə çağırılan baş leytenant bildirib ki, bu zəfər xalqın Ali Baş Komandanın ətrafında sıx birliyinin nəticəsidir: "Artıq fəxrlə qalib Ordumuzun olduğunu deyə bilərik. Cənab Prezidentin başlatdığı "Qarabağ Azərbaycandır!" şüarı reallaşdı. Bu torpaq üzərində gəzdiyimizə görə hər zaman şəhidlərə və sağlamlığını itirmiş qazilərə borcluyuq. Həqiqətən də zəfərə gedən yolda ön cəbhə qədər arxa cəbhədə çalışanların da rolu danılmazdır. 90-cı illərin əvvəlində yaşanmış iqtisadi çətinliklərin şahidi olmadıq. Bu da ölkəmizin bütün sahələrdəki gücünü göstərir. Qələbəmiz mübarək! Bunun sevincini doyunca yaşamalıyıq".

Müharibə vaxtı Ağdamda xidmət edən zabit müdafiə xəttində yer aldıqlarını söyləyib: "Futbol dili ilə desək, müdafiədə diqqətli olmalı, rəqibin hücumlarını zərərsizləşdirməliydik ki, ön xətdəki məhsuldarlığımız bizi qələbəyə daşısın. 44 gün ərzində düşmən Ağdamdakı müdafiə zolağını yarmaq üçün dəfələrlə hücuma keçdi. Amma inamlı və cəsarətli çıxışımız düşməni məyus edirdi. Onu da qeyd edim ki, bu istiqamətdən də hücumumuz planlaşdırılmışdı. Yəni, heç kim Ağdamda döyüşlərin getmədiyini düşünməsin".

İlham Əliyevin Sərəncamı ilə "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunan federasiya rəsmisi buna görə ölkə başçısına təşəkkür edib: "Hər bir mükafat əzizdir. Çünki onu əziyyətlə qazanırsan. Cənab prezidentə təşəkkür edirəm. Vaxt var idi, II Dünya Müharibəsi iştirakçılarına sinələrində daşıdıqları medallara görə həsəd aparırdıq. Amma indi bizim də sinəmizi bəzəyəcək medallarımız var. Ağdamda doğulmasam da, özümü bu rayonun fəxri vətəndaşı hesab edirəm".

Sevimli peşəsi üçün darıxdığını deyən Məmmədov tezliklə işinin başına dönəcəyini vurğulayıb: "Pandemiya ilə əlaqədar zallar bağlıdır və nəticədə federasiya işini tam gücü ilə icra edə bilmir. Mətbuat xidmətinə gəldikdə, mümkün qədər işləri axsatmamağa çalışırdıq. Amma xidmətdə olduğum üçün gecikmələr var idi. Artıq təxris olundum. Qısamüddətli istirahətdən sonra çox darıxdığım işimin başına keçəcəyəm. Sizə də göstərdiyiniz diqqətə görə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi