İslandiya komandasını məğlub etmək istəyirik.
Bunu "Report"a açıqlamasında həndbol üzrə "Kür" klubunun direktoru Fuad Yanqildin kişilərdən ibarət komandanın Avropa Kubokunun III mərhələsində qarşılaşacaqları İslandiya təmsilçisi “Haukar”la qarşıdakı matçla bağlı danışarkən deyib.
O, rəqibin Skandinaviya ölkələrinə xas oyun sərgilədiyini bildirib:
“İslandiya komandasını məğlub etmək istəyirik. Sadəcə, İslandiya həndbolunun bizdən qat-qat üstün olduğunu hamı bilir. Onlar Skandinaviya ölkələrinə məxsus oyun tərzi ilə çıxış edirlər. Hazırda komanda istirahətdədir. 3-4 gündən sonra hazırlıqlara başlayacağıq”.
Klub rəsmisi komandalar arasında səviyyə fərqinin olduğunu vurğulayıb:
“Püşkatma dünən keçirilib və rəqib müəyyənləşib. Rəqibin oyunlarını bu gün izləyəcəyik. İstənilən halda, səviyyə fərqi var, çünki Avropa həndbolu oynayırlar. İtkilərimiz, zədəlilərimiz yoxdur, hər şey qaydasındadır”.
F.Yanqildin İslandiya klubu ilə matçların harada keçiriləcəyi ilə bağlı sualı da cavablandırıb:
“Hələ ki, bununla bağlı danışıqlar gedir. Ola bilər, rəqib razılaşmasın və ya əksi olsun. Püşkatma dünən olduğu üçün danışıqlara bu gün başlamışıq”.
Qeyd edək ki, Mingəçevir təmsilçisi II mərhələdə Kiprin “Parnassos Strovolu” komandasına qalib gəlmişdi - 32:29, 35:31. III raundun ilk qarşılaşmaları noyabrın 23-24-də, cavab görüşləri isə 30-da və dekabrın 1-də keçiriləcək.