Həndbol üzrə "Kür" klubunun direktoru Fuad Yanqildin “Report”a müsahibə verib. O, kişilərdən ibarət komandanın Avropa Kubokunun III mərhələsində qarşılaşdığı İslandiya təmsilçisi “Haukar”la matç barədə fikirlərini bildirib. Direktor həmçinin qarşıdakı planlar, Azərbaycan çempionatı və heyətlə bağlı sualları cavablandırıb.
- “Kür” Avropa Kubokunun III mərhələsində mübarizəni dayandırdı. Mərhələ keçmək üçün nə çatmadı?
- Komandamız yeni yaranıb. Cəmi ikinci ildir fəaliyyət göstəririk. İslandiya komadası isə uzun illərdir fəaliyyət göstərir. Avrokuboklarda, ölkə çempionatında iştirak edirlər. Bu da onlar üçün təcrübədir. Tarix yazdıq, avrokuboklarda III mərhələyə adlayan ilk Azərbaycan komandası olduq. Azərbaycanın kişi həndbolunda heç bir komanda II mərhələni keçə bilməmişdi. Cəmi il yarım ərzində bu tarixi yenilədik. Bu nəinki Mingəçevirin, ümumilikdə Azərbaycan həndbolunun uğurudur. Uduzmalarına baxmayaraq, uşaqlar çox yaxşı oynadılar, sona qədər mübarizə getdi. Sadəcə, təcrübə sözünü dedi. Həm də hər idman növündə lider ölkələr və autsayderlər var. Azərbaycan həndbolu İslandiyadan qat-qat aşağıdadır. İslandiya Skandinaviya ölkələrinə xas oynayır. Bu ölkələrin milliləri hazırda dünya liderləri sırasındadır. İslandiya Avropa və dünya çempionatlarında aparıcı yığmalarla rəqabət aparır, ilk “onluğ”a düşür. Ona görə də çıxışımızı uğur saymaq mümkündür. Məğlub olsaq da, bu, bir təcrübədir. Nəticə çıxarıb, növbəti yarışlarda ən azı 1/8 və 1/4 finala qədər irəliləməyə çalışacağıq.
- "Kür" daha əvvəl, II mərhələdə Kipr təmsilçisini məğlub etmişdi. Hər iki mərhələdəki oyunları müqayisə edə bilərsiniz?
- 4 oyunda səviyyə baxımından artım oldu. Kipr klubu ilə matçda həyata keçirə bilmədiyimiz bəzi həmlələri “Haukar”la matçda edə bildik. Sadəcə, rəqibin təcrübəsi sözünü dedi.
- Qeyd etdiniz ki, İslandiya dünyada ən güclü həndbol ölkələri ilə rəqabət aparır. Belə olan halda III mərhələdəki hər iki oyunun Azərbaycanda keçirilməsinə razılaşmaq nə dərəcədə doğru addım idi?
- Bunun müsbət cəhəti o idi ki, Mingəçevir üçün bayram oldu. Şəhərdə heç də hər zaman belə tədbirlər keçirilmir. Həndbolun regionda populyarlaşması üçün hər iki matçın Azərbaycanda keçirilməsinə razılaşdıq. Heç nə elə-belə deyil. Hər addımın bir nəticəsi olmalıdır. Bilirsiniz ki, bütün klublar Bakıda toplaşıb. “Kür” yeganə klubdur ki, regionda fəaliyyət göstərir. Bu, uşaq həndbolu üçün də təkandır.
- Azarkeş dəstəyindən razı qaldınız?
- Bəli, razı qaldıq. Yəqin özünüz də gördünüz, insanlar zalda boş yer tapa bilmirdilər. Əksəriyyət ayaqüstə qalmışdı.
- Heyətdəki legionerlərlə bağlı düşüncələriniz necədir?
- Onların çıxışından razı qaldıq. Dəvət etdiyimiz legionerlərin nəyə qadir olduğunu bilirik. Deyim ki, oynamadılar, öz güclərini göstərmədilər, belə deyil. Qapıçımız nə bacarırdısa, ortaya qoydu və azarkeşlərin rəğbətini qazandı. Hamı onu alqışlayırdı, dəstək olurdu. Həmçinin də digər oyunçulara eyni münasibət göstərilirdi.
- Baş məşqçi Nasser Saliminin işi ilə bağlı hansı fikirdəsiniz?
- Öz işini mümkün qədər görməyə çalışdı. Oyunlara hazırlıqlar zamanı nə lazımdırsa, etdi. Sadəcə, təcrübə baxımından geri qaldıq.
- "Kür" Azərbaycanın III mərhələyə adlayan ilk kişi həndbol komandası oldu. Bununla kifayətlənəcəksiniz?
- Xeyr, qarşıya məqsəd qoymuşuq, gələn il daha yaxşı nəticə göstərməliyik. Artıq nələr etmək, haradan başlamaq, hansı dəyişikliklər etmək lazım olduğunu bilirik. Hazırlıq prosesi zamanı bunları müzakirə etmişik.
- İslandiya təmsilçisinə məğlubiyyətdən sonra komandada hansısa dəyişikliklər gözlənilir?
- Xeyr, heç bir dəyişiklik etmək fikrində deyilik.
- Azərbaycan çempionatı ilə bağlı fikirləriniz maraqlıdır. Yetərincə rəqabətin olmaması klublarımızın avrokubok matçlarına təsir göstərir?
- Rəqabət var, sadəcə, istədiyimiz səviyyədə deyil. Məsələn, Azərbaycan və İspaniyanın futbol çempionatları səviyyəsinə görə çox fərqlidir. Güclü klubların sayı nə qədər çox olsa, çempionatın səviyyəsi də o qədər yüksələr. Belədə rəqabət daha maraqlı olar.
- “Kür”ün cari çempionatda hədəfi nədir?
- Qarşıya Azərbaycan çempionu olmaq məqsədi qoymuşuq.