Azərbaycan millisinin narazı həndbolçuları federasiyadan şikayətçi olduqları üçün məşqlərdən kənarlaşdırılıblar.
Bu barədə "Report"a "Məhsul" klubunun kapitanı və yığma üzvü Cavid İsmayılov məlumat verib.
Onun sözlərinə görə, federasiyadan narazılığı olan, həmçinin gənclər və idman naziri Fərid Qayıbova müraciət edən 14 oyunçu komandadan qovulub: "Məşqçilər və federasiya rəhbərliyi öz aralarında iclas keçirib və qarşı tərəfi dinləmədən bu cür qərar çıxarıblar".
Azərbaycan Həndbol Federasiyası da məlumatı təsdiqləyib. Qurumdan bildirilib ki, bir qrup həndbolçunun mətbuatda və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayması, məşqçi heyətini təhqir etməsi, məşq prosesində iştirak etməməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılaraq səsverməyə qoyulub. Yekunda kişilərdən ibarət həndbol komandalarının bir neçə üzvünün kənarlaşdırılması ilə bağlı yekdil qərar qəbul olunub.
Qeyd edək ki, Azərbaycan millisinin həndbolçuları federasiyadan narazılıqlarını ilk dəfə "Report"a açıqlamalarında bildiriblər.