Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubada keçirilən “İdman festivalı 2024”ün rəsmi açılış mərasimi olub.
"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, gənclər və idman naziri Fərid Qayıbov, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Festivalda əvvəlcə ağırlıqqaldırma, atıcılıq, basketbol, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, badminton, oxatma, qılıncoynatma, triatlon, taekvondo, velosiped, kanoe və avarçəkmə, qış idman növləri, həndbol, gimnastika, güləş tennis, reqbi, stolüstü tennis və digər idman növlərinin nümunəvi çıxışları izlənilib.
Festivalda 23 idman növü üzrə 100 idmançı (13-15 yaşlı), 34 məşqçi iştirak edir. İdman tədbirinə Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.
İ.Mahmudov dövlət başçısının apardığı uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsindən, idmanın kütləviliyinin təmin olunması üçün məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsindən, gənclərin vətənpərvər, sağlam ruhda böyümələri, idmanla məşğul olmalarının önəmindən danışıb.
F.Qayıbov isə çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələr kimi idman sahəsinin də inkişaf etməsini, idmançıların yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmasını, onların maddi rifah halının, eləcə də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını, müasir standartlara cavab verən idman infrastrukturunun yaradılması nəticəsində ölkənin uğurlarının günbəgün artmasını, idmançıların beynəlxalq arenalarda uğurla təmsil olunmalarına diqqət çəkib.
Tədbir bədii hissə ilə davam etdirilib.