"Artıq sırf seçmə mərhələnin oyunlarına hazırlaşırıq. Hələlik isə əsas diqqətimiz Azərbaycanla matça yönəlib. Həm hücumda, həm də müdafiədə yaxşı oynamalıyıq. Rəqibin 2 güclü cəhəti var. Ehtiyatlı olmalıyıq".
"Report"un məlumatına görə, bu fikirləri futzal üzrə Slovakiya millisinin baş məşqçisi Marian Berki yerli telekanala müsahibəsində Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.
Mütəxəssis həmkarı Joze Alesio Da Silvanın maraqlı oyun üslubuna üstünlük verdiyini bildirib: "Matça hansı heyətlə başlayacaqlarını oyun günü biləcəyik. Amma gördüklərimə əsasən deyirəm ki, orada 6 braziliyalı çıxış edir. Bütün oyun onların üzərində qurulub. Həmçinin birəbir mübarizəni də istisna etməməliyik".
Berki Azərbaycan millisinin qrupun favoriti olduğunu söyləsə də, oyun azarkeşsiz keçiriləcəyi üçün şansları bərabər qiymətləndirib. Azərbaycan daha əvvəl oynadığımız İspaniya, Portuqaliya və Rusiya kimi güclü deyil. Ona görə də bu cür komandalardan qorxmamalıyıq. Rəqiblə çox oyun keçirmişik, artıq gücünü bilirik. Bu matçda əla nəticə qazanmaq olar. Oyunçular bunu dərk etməlidirlər. Yaxşı hazırlaşsaq və futzalçılar meydanda bütün güclərini ortaya qoysalar, uğur əldə etmək mümkündür".
Qeyd edək ki, yanvarın 29-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Slovakiya matçı saat 18:00-da başlayacaq.