Asiya İnkişaf Bankı (ADB) Azərbaycanla bundan sonra da əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazırdır.
"Report" xəbər verir ki, bunu ölkəmizdə səfərdə olan ADB-nin baş iqtisadçısı Albert Park Azərbaycanın maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovla görüşündə deyib.
Görüşdə Azərbaycan ilə ADB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən bank tərəfindən ənənəvi olaraq hər il hazırlanan “Asiyanın İnkişafına Baxış” sənədi, habelə 2023-cü ildə hazırlanacaq və 2024-2028-ci illəri əhatə edəcək Azərbaycan ilə AВB arasında tərəfdaşlıq strategiyasının əsas istiqamətləri üzrə müzakirələr aparılıb.
S.Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər, 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, şəhər və kəndlərin dirçəldilməsi, Böyük Qayıdış üçün zəruri infrastrukturun yaradılması istiqamətində görülən işlər barədə geniş məlumat verib, hökumətin ölkə iqtisadiyyatının inkişaf hədəflərinə nail olmaq üçün həyata keçirdiyi mühüm layihələrdə ADB-nin göstərdiyi dəstəyin əhəmiyyətini qeyd edib.
Nazir Rusiya-Ukrayna müharibəsinin enerji və ərzaq bazarlarında yaratdığı çətinliklərin və yüksək inflyasiya təhdidlərinin ölkəmizə də təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.
Öz növbəsində Albert Park Azərbaycan ilə ADB arasında uzunmüddətli və strateji əməkdaşlıqdan məmnunluğunu ifadə edərək yaranmış qlobal iqtisadi təhdidlərlə mübarizə şəraitində Azərbaycanda həyata keçirilən iqtisadi islahatların uğurla davam etdirildiyini və qurumun bundan sonra da Azərbaycanla əməkdaşlığı genişləndirməyə, ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləməyə hazır olduğunu bildirib.