COVID-19 vurusunun təsiri ölkələrdə səmərəli kapital bazarlarının inkişaf etdirilməsi ilə borcların daha səmərəli idarəçiliyinin vacibliyini bir daha ortaya çıxarır.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Azərbaycan, Monqolustan və Özbəkistanı ehtiva edən “Asiyanın inkişaf edən ölkələrində kapital bazarının inkişafı və islahatına dəstək” layihəsinin icrasına hazırlıq çərçivəsindəki araşdırmasında bildirilir.
“COVID-19 pandemiyası inkişaf edən ölkələrdə dövlət məsrəflərinin artmasına, gəlirlərinin də azalmasına səbəb olaraq dövlət maliyyəsinə təzyiq amilinə çevrilib”, - deyə qeyd olunan sənədə görə, region ölkələrinin çoxunda kapital bazarları geniş potensiala malik olsa da, hazırda rüşeym halda, yaxud səmərəsizdir və ya likvidli deyil. Belə ki, 2019-cu ildə Azərbaycanda dövriyyədə olan dövlət istiqrazlarının ÜDM-dəki payı 2,3 faiz, Monqolustanda 32,1 faiz, Özbəkistanda isə 0,5 faiz olub: “Dövlət istiqrazları bazarının zəif olması, hətta dövlət istiqrazlarının və qısamüddətli qiymətli kağızlar buraxılması proqramının yoxluğu təşkilat istiqrazları və s. maliyyə alətlər bazarının inkişafı üçün zəruri olan qiymətqoyma meyarının yaranmasına mane olur”.
Sənədə görə, hər üç ölkədə iqtisadiyyatın yüksək səviyyədə dollara bağlanması da istiqrazlar bazarının inkişafı yolunda əngəldir. Bununla yanaşı, kapital bazarının inkişafı üçün müflisləşmə, vergitutma, korporativ idarəçilik, şəffaflıq və məlumatların açılması meyarları və s. qanun və hüquqi sənədlərin qəbulu mühüm şərtdir. Həmçinin mübadilə, depozitlər, qiymətləndirmə, qeydiyyat, klirinq, diler sistemlərinin də bərqərar olunması bazarın rəvan fəaliyyəti üçün mühüm şərtdir.