Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda baş tutmuş Avropa Əmanət Sığortaçılarının Forumunun (European Forum of Deposit Insurers - EFDI) illik ümumi yığıncağında və beynəlxalq konfransında iştirak edib.
"Report" xəbər verir ki, forumun illik yığıncağında üzv ölkələrin işçi qrupları arasında maliyyə sahəsi üzrə fikir mübadiləsi aparılmış, mülahizələr dinlənilib, EFDI-nın yeni sədrinin seçimləri keçirilib, 2022-2025-ci illəri əhatə edən fəaliyyət istiqamətləri, eləcə də 2022 və 2023-cü illərin yekun büdcəsi və üzvlük haqları müzakirə olunaraq təsdiqlənib.
Tədbir “Əmanətlərin sığortalanması sistemində problemlər və yeni çağırışlar” mövzusuna həsr olunmuş EFDI-nın beynəlxalq konfransı ilə davam edib. Konfransda beynəlxalq maliyyə sistemində cərəyan edən ən aktual mövzular –Mərkəzi Bankın maliyyə rəqəmsallaşması, kriptovalyutalar, sosial və korporativ idarəetmə üzrə investisiya strategiyasının və qlobal iqlim dəyişiminin Əmanətlərin Zəmanət Sisteminə təsiri müzakirəyə qaldırılıb. Konfransda maliyyə innovasiyaları, kiber təhlükəsizlik və məlumatların qorunması kimi mövzular panelistlər tərəfindən diqqətə çatdırılmış, fikir mübadiləsi aparılıb.
Tədbirlər çərçivəsində ADİF-in nümayəndə heyəti risk-əsaslı sığortalanma mexanizminə keçid, sığorta itkilərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də digər istiqamətlərdə beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə Niderland, Cənubi Koreya, Avstriya və Norveç kimi aparıcı ölkələrin müvafiq qurumlarının rəsmiləri ilə ikitərəfli görüşlər keçirmiş, bu sahələrdə müşahidə olunan çağdaş trendləri və çağırışları müzakirə edərək yeni əlaqələrin qurulmasına nail oub.