Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedcisi olduğu bankların kreditorları üçün xüsusi platforma yaradıb.
"Report" xəbər verir ki, bu barədə qurumun Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi məlumat verib.
Onun sözlərinə görə, platforma vasitəsi ilə kreditorlar mütəmadi olaraq bankların ləğv prosesi barədə məlumatlarla təmin ediləcəklər. Məqsəd ləğvetmənin effektiv həyata keçirilməsidir.
"Fond kreditorları həm də mobil tətbiqlər vasitəsi ilə məlumatlandırmaq istəyir. Məlumatlandırma qarşılıqlı olmalıdır. Kreditorlar da ləğvetmə Fonda barədə məlumat verə biləcəklər", - C.Rayi qyed edib.
Bundan başqa, ADIF rəsmisi deyib ki, Fond bağlanmış bankların balansında olan daşınar əmlakların satışı üçün elektron hərrac platforması yaradıb. Məqsəd əmlakların sürətli satışının təşkil edilməsidir.
ADIF-in mətbuat xidmətinin rəhbəri Emil Bayramov isə bildirib ki, elektron hərrac platforması Fondun tarixində ilk belə haldır: "Bu hərrac vasitəsilə həm hüquqi, həm də fiziki şəxslər heç bir yerə getmədən bağlanmış bankların əmlaklarını onlayn şəkildə ala bilərlər. Portaldan alış-veriş edən fiziki şəxslər 24 saat ərzində, hüquqi şəxslər isə 3 gün müddətində ödəniş etməlidir".