Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Maliyyə bazarlarının inkişafı və investisiya əməkdaşlığı diqqət mərkəzindədir.
Eyni zamanda, Orta Asiya və Qafqaz regionunda əsas maliyyə mərkəzlərindən birinə çevrilən "Astana" Beynəlxalq Maliyyə Mərkəzi (AIFC) biznes və investorlar üçün unikal imkanlar təklif edir. İngilis hüququnun tətbiqi, müstəqil infrastruktur, “yaşıl” və İslam maliyyələşməsi kimi innovativ istiqamətlərin dəstəklənməsi onu Azərbaycan da daxil olmaqla müxtəlif ölkələri təmsil edən şirkətlər üçün cəlbedici edir.
“Report”a eksklüziv müsahibəsində "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin idarəedici direktoru Renat Bekturov Azərbaycanla əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüb və AIFC-nin Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxmasına necə kömək edə biləcəyindən danışıb.
- Orta Asiya və Qafqazın maliyyə bazarlarının inkişafı kontekstində "Astana" Beynəlxalq Maliyyə Mərkəzinin rolunu necə görürsünüz? AIFC xarici şirkətlərə hansı unikal imkanları təklif edir?
- "Astana" Beynəlxalq Maliyyə Mərkəzi yaradıldığı zaman qarşısında həm aydın, həm də mürəkkəb bir vəzifə qoyulmuşdu – Orta Asiya və Qafqaz regionunda investisiya cəlb etmək məqsədilə həm Qazaxıstan, həm də xarici investorların rahatlığının təmin olunacağı "sıfırdan" infrastruktur yaratmaq.
Buna nail olmaq üçün ingilis hüququ prinsipləri əsasında yurisdiksiyanın formalaşdırılması qərara alındı, çünki onun prinsipləri beynəlxalq bazarlarda fəaliyyət göstərən biznes üçün aydındır. Niyə məhz ingilis hüququ?
Birincisi, investisiya dünyasında müqavilələrin əksəriyyəti ingilis dilində bağlanır, ümumi ingilis hüququ isə əqdlərin strukturlaşdırılmasında istifadə olunur. Məsələn, hüquqi şəxsin nizamnaməsindən yazışmalara qədər bütün sənədləri başqa dillərə tərcümə etmək zərurəti olmadan ingilis dilində tərtib etmək olar. Bu, sövdələşmə tərəfləri arasında qərar qəbulu və sənədlərin razılaşdırılması prosesini sürətləndirir.
İkincisi, bu hüquq proqnozlaşdırıla bilən və sabitdir. Mərkəzin normativ aktları digər hüquqi sənədlərə minimum sayda çarpaz istinadları özündə ehtiva edir ki, bu da digər məlumat mənbələrinə müraciət etmək zərurətini azaldır.
Üçüncüsü, ingilis hüququ kifayət qədər çevikdir. Mərkəzin hüququ müqavilə formasına dair xüsusi tələblər müəyyən etmir və açıq şərtlərlə müqavilənin bağlanmasına icazə verir ki, bu da razılaşdırılmış şərtlər toplusundan ibarət olmaqla, eyni zamanda tərəflərin gələcəkdə əlavə sazişlərin bağlanması yolu ilə onu konkretləşdirmək niyyətində olduqlarını təsbit edir. Bu şərt tərəflərə sonrakı mərhələdə bəzi dəqiqləşdirici müddəaları göstərmək və ya yeniləmək imkanı verir.
Qazaxıstanın mülki qanunvericiliyi (üç il) ilə müqayisədə daha uzun olan altı illik iddia müddəti Maliyyə Mərkəzinin hüququ əsasında bağlanmış müqavilələrin icrasının təmin edilməsi üçün əlavə müdafiəni təmin edir.
İnfrastruktur məhz bu əsasda yaradılıb: investorların maraqlarının qorunması üçün müstəqil məhkəmə və arbitraj mərkəzi, müstəqil tənzimləyici olan AFSA (Astana Financial Services Authority), kapital bazarının inkişafı üçün "Astana International Exchange" (AİX) birjası, "yaşıl" və İslam maliyyələşməsi, rəqəmsal aktivlər və bir çox digər alətlər. Bundan əlavə, bizim tənzimləmə məsələn, Qazaxıstan və Azərbaycanın yurisdiksiyalarında əlçatmaz olan müxtəlif biznes mülkiyyəti formalarını qeydiyyatdan keçirməyə imkan verir. Həmçinin "Ekspat" Mərkəzinin fəaliyyəti çərçivəsində vergi güzəştləri və sadələşdirilmiş əmək və viza rejimləri mövcuddur.
Bu cür innovativ yanaşma sayəsində AIFC-nin iştirakçısı olan şirkətlər üçün əlverişli iş şəraiti yaratmaq mümkün olub. Bütün region üçün yüksək beynəlxalq standartlara uyğun maliyyə mərkəzinin formalaşmasının əsası qoyulub.
Bunu kənar qiymətləndirmələr də sübut edir: "Global Financial Centres Index 36" reytinqinə görə AIFC Şərqi Avropa və Mərkəzi Asiya regionundakı maliyyə mərkəzləri arasında birinci yeri tutur. 2022-ci ildə AIFC-nin tənzimləməsi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vergi şəffaflığı standartlarına uyğun hesab edilib.
Maliyyə Mərkəzinin uğurunu konkret rəqəmlər də təsdiqləyir. Hazırda ABŞ, Böyük Britaniya, Çin, Türkiyə, Honkonq, Sinqapur, Rusiya və 80-dən artıq digər ölkədən 3400-dən çox şirkət iştirakçı kimi qeydiyyatdan keçib. Başqa sözlə, xarici biznes maliyyə mərkəzində işləməkdə maraqlıdır, o, qlobal tənzimləmə səviyyəsinə uyğundur, ekosistem isə biznesi uğurla və rahat şəkildə aparmağa imkan verir.
Nəticədə fəaliyyət illəri ərzində cəlb edilmiş investisiyaların həcmi 13 milyard ABŞ dollarını keçib ki, bunun da 5,9 milyard ABŞ dollarını AIX birjasında portfel investisiyaları, 7,3 milyard ABŞ dollarını isə iştirakçı şirkətlərin investisiyaları təşkil edir.
Bütün bu unikal imkanlar Mərkəzi Asiya və Qafqaz regionundan olan biznes və investorlar üçün əlçatandır. AIFC-də işləmək hətta coğrafi baxımdan - aydın mədəniyyət və nəqliyyat əlçatanlığının yüksək olması nöqteyi-nəzərindən də digər beynəlxalq maliyyə mərkəzlərinə nisbətən daha rahatdır.
Onlar artıq bu imkanlardan istifadə edirlər. Bu gün AIFC-də MDB ölkələrindən 180-dən çox şirkət, o cümlədən Azərbaycandan 4 şirkət qeydiyyatdan keçib. Lakin potensial tam istifadə edilməyib: zaman keçdikcə AIFC platforması vasitəsilə beynəlxalq bazarlara çıxmaqda maraqlı olan Azərbaycan şirkətlərinin sayının artacağını düşünürəm.
- AIFC Azərbaycan bankları və maliyyə institutlarına öz fəaliyyətlərini genişləndirməkdə və yeni bazarlara çıxmaqda necə kömək edə bilər? AIFC bunun üçün hansı alət və xidmətləri təklif edir?
- Bundan əvvəl qeyd edildiyi kimi, AIFC-nin fəaliyyət məqsədlərindən biri bizim platformaya investisiyaların və yeni biznesin cəlb edilməsidir və məhz buna görə burada biznes üçün şərait yaradılır və daim təkmilləşdirilir. Maliyyə Mərkəzi xarici biznesin buraya gələ bilməsi, öz şirkətini və yaxud Qazaxıstan və ya digər xarici tərəfdaşlarla birgə müəssisələri qeydiyyatdan keçirə bilməsi və daha sonra buradan həm Qazaxıstan iqtisadiyyatında, həm də beynəlxalq səviyyədə işləyə bilməsi üçün platforma rolunu oynayır.
Bunun üçün artıq lazımi alətlər mövcuddur: biznesə aydın olan ingilis hüququ əsasında hüquqi mühit, müstəqil məhkəmə sistemi, əqdlərin strukturlaşdırılmasında çeviklik, yeni maliyyə alətlərinin tətbiqi, xüsusi birja və s.
Bütün bunlar Azərbaycanın maliyyə institutlarına da aiddir. AIFC platforması sayəsində onlar kapital bazarlarında investisiyalar cəlb edə, yeni tərəfdaşlıqlar qura və özləri regionda və bütün dünyada investisiyalarla məşğul ola bilərlər.
Əməkdaşlıq nümunələri artıq var. Məsələn, bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən “Unibank” Beynəlxalq Kapital Bazarları Assosiasiyasının (ICMA) Yaşıl İstiqraz Prinsiplərinə uyğun olaraq ölkədə ilk dəfə 20 milyon manat məbləğində (təxminən 11,8 milyon ABŞ dolları) "yaşıl istiqrazlar" buraxıb.
“Yaşıl istiqraz”ların buraxılışı Climate Bonds Initiative (CBI) və Beynəlxalq Kapital Bazarları Assosiasiyasının akkreditə olunmuş verifikatoru olan AIFC-nin Yaşıl Maliyyə Mərkəzi tərəfindən qiymətləndirilərək təsdiqlənib. Mərkəz istiqrazların “yaşıl xüsusiyyət”ləri barədə ikinci tərəfin rəyi formatında xarici qiymətləndirmə təqdim edərək “Unibank”a hərtərəfli ekoloji strategiyasına və beynəlxalq “yaşıl maliyyələşdirmə” standartlarına uyğunluğuna görə "əla" reytinqi verib. Başqa sözlə, AIFC ilə əməkdaşlıq sayəsində Azərbaycanın maliyyə institutu dünya standartlarına uyğun investisiya cəlb edə bilib.
Keçən il AIFC-də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (TBNM) multimodal xidmətin inkişafı üçün Qazaxıstan, Azərbaycan və Gürcüstanın milli dəmir yolu şirkətləri ilə birgə "Middle Corridor Multimodal Ltd." birgə müəssisəsi qeydiyyata alınıb.
Başqa bir müsbət nümunə də var. Bu, AIFC platformasında Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən birgə yaradılmış "SK-AIH Investment Fund Ltd." fondudur. Yeni fondun məqsədi Qazaxıstan və Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu xətti ilə investisiyaların cəlb edilməsidir.
COP29 iqlim konfransı çərçivəsində Ələt limanında yük terminalının tikintisi layihəsi ilə bağlı saziş imzalanıb. Bu, TBNM marşrutunun inkişafında əsas həlqələrdən biri olacaq, Çin-Avropa-Çin marşrutu üzrə konteyner qatarlarının artmasına kömək edəcək, çatdırılma müddətini, daşıma xərclərini və malların yüklənmə vaxtını azaldacaq.
Bu, bir tərəfdən Qazaxıstan və Azərbaycanın artıq praktikada fəal əməkdaşlıq etdiyini və investisiyalarla birgə məşğul olduğunu, digər tərəfdən isə fondların və sövdələşmələrin strukturlaşdırılması üçün platforma kimi AIFC-nin imkanlarını göstərən müsbət nümunədir.
Azərbaycanlı həmkarların beynəlxalq səviyyədə fəaliyyətə marağını və ümumilikdə Qazaxıstan-Azərbaycan iqtisadi münasibətlərinin potensialını nəzərə alaraq, gələcəkdə belə nümunələr daha da çox ola bilər.
- AIFC xarici investorlara, o cümlədən Azərbaycandan olan investorlara nə kimi imkanlar təklif edir? Qazaxıstan iqtisadiyyatının hansı sahələri investisiyalar üçün daha cəlbedicidir?
- Əsas stimullar - aydın hüquqi sistem, Maliyyə Mərkəzinin inkişaf etmiş infrastrukturu və xüsusi vergi şərtləridir. Regionumuzda əvvəllər belə əlverişli şərtlər məcmusu olmayıb ki, bu da AIFC-nin Mərkəzi Asiya və Şərqi Avropanın maliyyə mərkəzləri arasında lider olması ilə təsdiqlənir.
Eyni zamanda, Azərbaycan şirkətlərinin AIFC platformasında fəaliyyətə cəlb edilməsi potensialının böyük olduğu aydındır. Məsələn, Qazaxıstanda Azərbaycan kapitalı ilə 1700-dən çox şirkət fəaliyyət göstərir, AIFC-də isə cəmi 4 şirkət qeydiyyatdan keçib. Onlar informasiya xidmətləri, nəqliyyat və anbar sahələrində fəaliyyət göstərir. Azərbaycan biznesinin Maliyyə Mərkəzinin imkanları və üstünlükləri barədə məlumatlılıq səviyyəsi yüksəldikcə - biz bu istiqamətdə fəal işləyirik - ölkənizdən olan iştirakçıların sayı əhəmiyyətli dərəcədə arta bilər.
Sahələrə gəlincə, onlar məlumdur. İlk növbədə bu, informasiya və kommunikasiya texnologiyaları və onlarla bağlı olan bütün sahələrdir. Qazaxıstan rəqəmsallaşma üzrə regionun liderləri sırasındadır, lakin bu istiqamətdə inkişaf üçün hələ də böyük imkanlar var.
Ticarət, logistika və resurs hasilatı ilə bağlı sahələr də maraq doğurur. Qazaxıstan bir tərəfdən əlverişli coğrafi mövqeyə, digər tərəfdən isə zəngin resurs bazasına malikdir. Eyni zamanda, Qazaxıstan və Azərbaycanın logistika sahəsində əməkdaşlıq təcrübəsi artıq mövcuddur.
Hər iki ölkə enerji resursları ilə zəngindir və boru kəmərləri və nəqliyyat şəbəkələri kimi infrastrukturun inkişafı da daxil olmaqla, enerji layihələrində əməkdaşlığı genişləndirə bilər. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft nəqli sahəsində təcrübəsi birgə müəssisələr və ya Qazaxıstandan neft ixracı marşrutlarının genişləndirilməsi üçün model ola bilər.
Nəqliyyat və logistika sahəsində Qazaxıstan və Azərbaycan Asiya ilə Avropanın birləşməsində strateji rol oynayır, çünki onların ərazisindən Orta Dəhliz keçir. İki ölkənin dəmir yollarının, limanların inkişafı və gömrük prosedurlarının sadələşdirilməsi üzrə əməkdaşlığı bütün Avrasiya boyunca ticarətin səmərəliliyini artıra bilər.
AIFC öz növbəsində rəqəmsallaşma və maliyyədən başlayaraq iqtisadiyyatın real sektoruna qədər sadalanan bütün sahələrdə investisiyaların cəlb edilməsi və əqdlərin strukturlaşdırılması üçün rahat platforma təklif edir.
- AIFC-nın inkişafı üçün Azərbaycanla hansı birgə layihələr daha çox perspektivli ola bilər? Məsələn, İslam maliyyələşdirməsi, “yaşıl iqtisadiyyat” və ya rəqəmsal maliyyə sahəsində.
- AIFC-nın yaradılması və inkişafı sayəsində Qazaxıstan maliyyə sektorunu fəal şəkildə inkişaf etdirir. Azərbaycan da transsərhəd investisiyalar, "yaşıl maliyyə", fintex və İslam maliyyələşdirməsi ilə məşğul olaraq yaradılmış imkanlardan istifadə edə bilər.
Məsələn, davamlı artımı təmin etmək üçün bir vasitə kimi "yaşıl maliyyələşdirmə" perspektivli görünür. Öz növbəsində, AIFC "yaşıl istiqrazlar”ın buraxılması, bərpa olunan enerji mənbələri sektorunda layihələrin və ekoloji təmiz layihələrin maliyyələşdirilməsi üçün etibarlı baza təklif edir. Həm Qazaxıstan, həm də Azərbaycan davamlı inkişafa sərmayə qoymağı hədəfləyən beynəlxalq investorları cəlb etmək üçün bu imkandan istifadə edə bilər.
Bu, həmçinin Azərbaycana qlobal ekoloji standartlara riayət etməklə və "yaşıl maliyyələşdirmə" üzrə regional lider kimi nüfuzunu artırmaqla yanaşı, karbon tutumlu sənaye sahələrindən asılılığını azaltmağa kömək edə bilər.
Eyni şəkildə İslam maliyyəsi sektorundakı potensialdan da danışmaq olar. Avrasiya İnkişaf Bankının məlumatına görə, 2023-cü ildə qlobal İslam maliyyə bazarı 7 il ərzində iki dəfə artaraq 4,5 trilyon ABŞ dollarına çatıb. 2027-ci ilə qədər məbləğ 6,7 trilyon ABŞ dollarına çata bilər. Bu, postsovet məkanında hələ kifayət qədər inkişaf etməmiş böyük bir bazardır.
AIFC-də isə bu bazarın inkişafı prioritetlərdən biridir və bununla əlaqədar istiqrazların İslam analoqu olan "sukuk"un buraxılması, İslam banklarının, sığorta təşkilatlarının və bazarın digər iştirakçılarının fəaliyyəti üçün müvafiq hüquqi baza yaradılıb. Ölkələrimizin vətəndaşları arasında bu cür məhsullara tələbat var və buna görə də Azərbaycanın maliyyə sektoru üçün bu sahədə iş perspektivli görünə bilər. Bu baxımdan AIFC İslam maliyyəsi ilə bağlı əməliyyatlar üzrə rahat platforma təklif edə bilər.
- Xarici şirkətlərin fəaliyyətini dəstəkləmək üçün AIFC-də hansı infrastruktur yaradılıb? İnfrastrukturu yaxşılaşdırmaq üçün hansı əlavə tədbirlər planlaşdırılır?
- Demək olar ki, xarici biznesin AIFC-də fəaliyyətinə imkan verən bütün lazımi infrastruktur artıq fəaliyyət göstərir. Bu, sadələşdirilmiş əmək və viza rejimli "Ekspat" Mərkəzi və şirkətlərin qeydiyyatından başlayaraq redomisiliasiya və qiymətli kağızların listinqinə qədər bütöv bir ekosistemdir.
Hazırda biz artıq yaradılmış biznes proseslərinin təkmilləşdirilməsinə və biznesin istifadə edə biləcəyi yeni maliyyə alətlərinin tətbiqinə diqqəti cəmləmişik. Məsələn, bu yaxınlarda AIFC-də ailə fondlarının yaradılmasına və beləliklə, ailə sərvətinin idarə edilməsinə imkan verən "ailə ofisləri"nin fəaliyyət qaydaları, həmçinin beynəlxalq standartlara uyğun olaraq müəllif hüquqlarının qorunmasını təmin edən Əqli Mülkiyyət Aktı qəbul edilib. Bu, maliyyə mərkəzində tətbiq olunan cəmi iki nümunədir.
Biznes və investorlara maksimum inkişaf imkanlar təklif etmək məqsədilə bu iş davamlı olaraq həyata keçirilir.
- Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığın inkişafı ilə bağlı AIFC qarşısında hansı əsas çağırışlar durur?
- Biznesin AIFC-nin təklif etdiyi imkanlar barədə məlumatlılığının artırılması üzərində işləmək vacibdir. Azərbaycan, eləcə də Orta Asiya və Qafqaz regionunun digər ölkələrindən olan şirkətlər beynəlxalq səviyyəyə çıxış mərhələsində qlobal maliyyə bazarlarına daha asan çıxış üçün bizim platformadan istifadə edə bilərlər.
Azərbaycan bazarının inkişafı üçün böyük potensial var və buna görə də biz oradan daha çox iştirakçı, o cümlədən Qazaxıstan və Azərbaycan iqtisadiyyatını gücləndirə biləcək daha çox yeni tərəfdaşlıq gözləyirik.
- Bu ilin sentyabrında Azərbaycan Mərkəzi Bankı ilə AIFC arasında Niyyət Memorandumu imzalanıb. Memorandumda hansı konkret əməkdaşlıq istiqamətləri müəyyən edilib? Memorandumda nəzərdə tutulan əməkdaşlıq çərçivəsində maliyyə bazarlarının inkişafı üçün hansı konkret addımlar atılacaq? Birgə maliyyə alətləri və ya platformaların yaradılması nə dərəcədə mümkündür?
- Həqiqətən, sentyabrın 23-də Azərbaycan Mərkəzi Bankı və AIFC-nin Maliyyə Xidmətlərini Tənzimləmə Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi iki təsisat arasında əməkdaşlıq üçün hüquqi baza yaratmağa kömək etmək, onların münasibətlərini gücləndirmək və maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinə dəstək verməkdir. Həmçinin sənəd təcrübə və məlumat mübadiləsi aparmağa və qarşılıqlı səfərlər təşkil etməyə imkan verir.
Bunu azərbaycanlı həmkarlarımızla əməkdaşlıqda ilk mərhələ adlandırmaq olar. Məqsədlərimiz oxşardır - sabit iqtisadi artımı dəstəkləyən dayanıqlı maliyyə bazarlarını inkişaf etdirmək. Hər iki tərəf Qazaxıstan və Azərbaycanın inkişafına töhfə verərək bu məqsədə çatmaq üçün təcrübə mübadiləsi aparmağı və səyləri birləşdirməyi hədəfləyib.
Qeyd etmək lazımdır ki, AIFC ümumilikdə azərbaycanlı həmkarlarla əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Məsələn, oktyabrda ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Anlaşma Memorandumu imzalanıb. Tərəflər səylərini regionda tədqiqat, analitika və "yaşıl maliyyələşdirmə" sahələrində yeni yanaşmaların inkişafına göstərəcəklər. Xüsusilə onlar sözügedən sahələrdə ekspert bilikləri və məlumat mübadiləsinin aparılması barədə razılığa gəliblər.
Bütün bunlar razılaşmaların bütün iştirakçılarının qarşıya qoyduqları məsələləri daha səmərəli həll etməyə və məqsədlərə çatmağa kömək edir.
- Gələcəkdə hansı yeni əməkdaşlıq sahələri nəzərdən keçirilə bilər?
- Hazırda Azərbaycan və Qazaxıstanın artıq birgə işə başladığı sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirmək lazımdır. Bu istiqamətlərdən biri davamlı inkişaf və ESG-dir. Bu, yaxınlarda Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi fonunda xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan "yaşıl maliyyə"nin inkişafına böyük diqqət ayırır və bu yaxınlarda “Unibank”ın debüt "yaşıl istiqrazlar"ının yerləşdirilməsi bunun sübutudur.
Bu əməkdaşlığın inkişafı üçün daha bir platformanın - Türk Yaşıl Maliyyə Şurasının əsası qoyulub. Bu Şuranın yaradılması haqqında memorandum Türk Dövlətləri Təşkilatının (TDT) 11-ci Zirvə görüşündə Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb.
Şuranın vəzifələri arasında TDT ölkələrində "yaşıl" və davamlı maliyyələşdirmə bazarının inkişafı və təşviqi, ekoloji təmiz layihələrə ESG investisiyalarının axınının artırılması yer alır. Yeni qurumun katibliyi AIFC bazasında yerləşəcək, onun funksiyalarına Şuranın fəaliyyətinin təşkilində köməklik göstərilməsi, həmçinin əsas sənədlərin hazırlanması daxil olacaq. Həmçinin COP29 çərçivəsində TDT ölkələri arasında iqlim, innovasiya, "yaşıl" iqtisadiyyat və ticarət sahəsində tərəfdaşlığın qurulması haqqında Bəyannamə imzalanıb ki, bu da "yaşıl maliyyə" üzrə Şuranın fəaliyyətinin davamı və gücləndirilməsi olacaq.
Eyni qaydada AIFC platformasının imkanlarından istifadə olunmaqla əməkdaşlıq maliyyə və logistikadan başlayaraq sənayeyə qədər digər sahələrdə də davam etdirilə bilər, çünki burada biznesin aparılması və sövdələşmələrin bağlanması üçün əlverişli hüquqi baza formalaşdırılıb.