Aşağı və orta gəlirli ölkələrin iqlimlə bağlı fəaliyyətlərini dəstəkləmək üçün 2030-cu ilə qədər 1,7-3,4 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinə ehtiyac var.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda 5-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda deyib.
“Lakin hazırda bu ölkələrə illik iqlim maliyyə axını 425 milyard ABŞ dollarından azdır. Bu axınlar 2030-cu ilə qədər ən azı 4 dəfə artmalıdır və bunun 80 %-dən çoxu özəl sektordan təmin olunmalıdır”, - A.Əzimova bildirib.
Onun sözlərinə görə, IFC, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan üçün "yaşıl bina"ların inkişafı üzrə Yol Xəritəsini təqdim edilməsini planlaşdırır.
Azərbaycan Mərkəzi Bankı tərəfindən ölkədə "yaşıl taksonomiya"nın hazırlandığını xatırladan A. Əzimova, bu taksonomiyanın IFC kimi investorlara Azərbaycanda "yaşıl maliyyələşdirmə" həllərini tətbiq etməyə imkan yaradacağını vurğulayıb.
“İqlim proqramlarının həyata keçirilməsi üçün çox az vaxtımız qalıb. İlk növbədə Azərbaycan kimi inkişafda olan ölkələrdə bank kreditlərinin və iqlim layihələrinin sayını artırmaq lazımdır. Qlobal səviyyədə kifayət qədər likvidlik və vəsait mövcuddur. Lakin riskləri azaltmaq üçün qarışıq maliyyələşməni tələb edən layihələrin sayını və miqyasını artırmalıyıq”, - deyə o qeyd edib.