ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır

ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır Bu il oktyabrın 1-nə Azerbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə nisbətən 10 % artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
18 Oktyabr , 2024 17:46
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır

Bu il oktyabrın 1-nə Azerbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə nisbətən 10 % artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-sentyabr aylarında ARDNF-nin büdcə gəlirləri 15 milyard 4 milyon manat, büdcə xərcləri isə 9 milyard 634,5 milyon manat olub.

9 ay ərzində Fond neft və qaz sazişlərinin həyata keçirilməsindən 9 milyard 424,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 8 milyard 641,8 milyon manat, bonus ödənişlərindən 778,2 milyon manat, tranzitdən 0,5 milyon manat, akrhesabı ödənişlərdən isə 3,6 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından əldə edilən investisiya gəliri isə 5 milyard 579,9 milyon manat olub.

Hesabat dövründə ARDNF 2024-cü il büdcəsinin icrası çərçivəsində 9 milyard 585,8 milyon manat vəsaiti dövlət büdcəsinə transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 10,8 milyon manat yönəldib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 19,9 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 197,6 milyon manat olub.

"Fondun aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlərdə əsas töhfə səhm investisiyalarının payına düşür. İnflyasiyanın sabitləşməsi, iqtisadi artımın dayanıqlı olması fonunda dünyanın aparıcı mərkəzi bankları uçot dərəcələrini aşağı salaraq yumşaq monetar siyasətə doğru keçid edib. Bu siyasət dəyişikliyi sabit gəlirli qiymətli kağızların dəyərinin artmasına və gəlirliliyin yüksəlməsinə səbəb olub. Yüksək borclanma xərclərinin iqtisadiyyata təzyiqinin azalması ehtimalı investorların davranışına müsbət təsir göstərib ki, bu da öz növbəsində səhm bazarında canlanma ilə nəticələnmiş və əsas səhm indekslərində artımlar müşahidə olunub. Bu, xüsusilə texnologiya və istehlak malları kimi sektorlar üçün faydalı olub", - deyə Fond bəyan edib.

Son xəbərlər

Orphus sistemi