Bu il Azərbaycanda sığorta haqlarının 1,4 milyard manatdan çox olacağı proqnozlaşdırılır.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.
"Bu da ötən illə müqayisədə 10 %-dən çox artım deməkdir", - deyə o qeyd edib.
E.Mirsalayev xatırladıb ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”nda və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sığorta sektoru üçün böyümə hədəfi 10 % müəyyən edilib: "Sektor olaraq artıq 2-ci ildir ki, bu hədəf minimumunu üstələyirik. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 %, 2023-cü ildə isə 26 % olub".
"2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası”ndan irəli gələn və növbəti dövr ərzində həyata keçirilməsi planlaşdırılan məqamların nəticəsi olaraq ölkəmizdə sığorta xidmətlərindən istifadə üzrə penetrasiyanın 3 dəfəyə qədər artmasını, sığorta yığımlarının ÜDM-də payının 5 %-ə yüksəldilməsini hədəfləyirik", - deyə o qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.