Ölkədə pandemiyadan təsirlənən iqtisadi sektorlardan biri də sığorta bazarıdır.
"Report" sığorta sektorunun mövcud vəziyyəti və gələcəyə dair perspektivləri ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev ilə müsahibəni təqdim edir:
- Pandemiyanın sığorta bazarına təsiri indiki mərhələdə hansı şəkildə qiymətləndirilə bilər? Xüsusilə bu təsir ayrı-ayrı sığorta növlərində necə müşahidə olunur?
- COVID-19 pandemiyası dünya ölkələrinin iqtisadiyyatlarına bu və ya digər formada neqativ yöndə təsir etdi və bu təsir indiki mərhələdə də müəyyən formada davam etməkdədir. Təbii ki, Azərbaycan da bu təsirdən kənarda qalmadı. Fərqli klassifikasiyalarda özünü göstərən bu neqativ tendensiya sığorta bazarlarında da müşahidə olundu. Lakin əminliklə deyə bilərəm ki, Azərbaycanın sığorta bazarı pandemiyanın gərəkdirdiyi karantin qaydalarının iri həcmli mənfi təsirindən qismən yayına bildi. Bu, 2020-ci il üzrə yerli sığorta bazarı ilə bağlı açıqlanan yekun icmal göstəricilərində də özünü göstərir.
Belə ki, Azərbaycanın sığorta bazarının 2020-ci ildə ümumi yığımları 728,6 milyon manat təşkil etdi ki, bu da 2019-cu illə müqayisədə 47,5 milyon manat çoxdur. Maraqlı bir fakt isə ondan ibarətdir ki, yerli sığorta bazarı 2018-ci ilin yekun nəticələrinə görə yüksək həddə yığım təmin etmişdi – sığorta haqları 727,9 milyon manat təşkil edirdi. Bu, 2019-cu ildə eniş trendi ilə müşayiət olundu. 2020-ci ilin nəticələrinə görə, yerli bazar həmin pik həddi 700 min manat ötə bilib. Bir daha xatırladım, rekordun yenilənməsi pandemiya kimi çətin və məhrumiyyətlərlə zəngin bir dövrdə mümkün oldu. Belə demək mümkünsə, yerli sığorta bazarı 47,5 milyon manatlıq fərqlə pandemiya üzərində qələbə qazandı.
Yığımlarda artım trendi qorunub saxlansa da, təbii olaraq mövcud vəziyyətin yaratdığı məhdudlaşdırmalar səbəbilə bəzi sığorta növlərinin alıcılıq qabiliyyəti zəiflədi, bir qism növlər isə bazar aktivliyini tamamilə itirdi. Məsələn, xarici ölkələrə səyahətlərin uzunmüddətli təxirə salınması nəticəsində "Səfər" sığortası bu dövr ərzində bazar aktivliyini itirmiş ən passiv bir növ kimi yadda qaldı.
Lakin bu dövrdə aktivlik qazanan növlər də oldu. Belə ki, xüsusilə daşınmaz əmlakın icbari sığortası il ərzində öz aktuallığını qorudu. Hətta statistik nəticələrə görə, bu növ üzrə 2019-cu ilin 10 ayı ərzində müqavilə sayı 53 min ədəd idisə, 2020-ci ilin 10 ayında bu rəqəm 3 dəfəyə yaxın artaraq 148 min ədədə yüksəldi.
- Sığorta şirkətlərinin mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Sığorta şirkətləri hələ ötən ildən, yəni ölkədə koronavirus infeksiyası aşkarlandığı gündən etibarən yeni fəaliyyət strategiyası əsasında fəaliyyət göstərməyə başladı. Pandemiyanın yaratdığı neqativ elementlərdən təsirlənməmək üçün şirkətlər onlayn xidmətə keçid etdi. Etiraf etmək lazımdır ki, yerli sığorta bazarı iştirakçıları onlayn xidmət alətlərindən kifayət qədər uğurla istifadə edə bildilər. Bu, özünü ilin yekun icmalındakı rəqəmlərdə də göstərir.
Bu müddət ərzində şirkətlərin bazar aktivliyindəki rolu da dəyişmədi. Hər zaman olduğu kimi icbari növlər üzrə təbliğat və maarifləndirmə işi aktiv aparıldı.
- Növbəti mərhələdə sığorta şirkətlərinin fəaliyyətlərinin stimullaşdırılması məqsədi ilə nə kimi addımlar atılır?
- Biz Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq yerli sığorta bazarının fəaliyyətinin stimullaşdırılması məqsədi ilə cari dövr ərzində yeni addımlar atmağı nəzərdə tutmuşuq. Bu istiqamətdə artıq işlər başlayıb. Belə ki, beynəlxalq əlaqələr əsasında, xüsusilə də ötən ilin dekabr ayında Türkiyə Sığorta Birliyi ilə imzaladığımız memorandum çərçivəsində yerli sığorta bazarı iştirakçılarının Türkiyədə təcrübələrinin təşkil olunması, Türkiyə praktikasına əsaslanan yeni məhsul strategiyasının öyrənilməsi ümumi sığorta bazarını və bazar iştirakçılarını stimullaşdıracaq deyə düşünürəm.
- Cari il üzrə yerli sığorta bazarı ilə bağlı proqnozlarınız nədən ibarətdir?
- İlk olaraq qeyd etmək istəyirəm ki, 2021-ci il üzrə yerli sığorta bazarının başlıca prioritetləri sığorta yığımlarının ÜDM-dəki payının artırılması və bütün sığorta növləri üzrə penetrasiyanın yüksəldilməsindən ibarətdir. Bildiyiniz kimi, hazırda yalnız avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə 100 %-lik penetrasiya təmin olunub. Hətta bu növ üzrə göstəriciyə görə Azərbaycan regionda lider ölkə hesab edilə bilər. Əsas strateji hədəfimiz digər növlərin, hətta könüllü sığortaların da əhatəliliyinin tam şəkildə təmin olunmasından ibarətdir.
Bu il üçün proqnozlarım müsbətdir. Hesab edirəm ki, 2021-ci ildə yerli sığorta bazarı üzrə yığımlarda kəskin resessiya qeydə alınmayacaq. Lakin müxtəlif dövrlərdə sığorta haqları üzrə volatillik müşahidə oluna bilər. Bu da qaçılmazdır. Biz sığorta bazarının iştirakçıları olaraq bütün prosesi nəzarətdə saxlayır və preventiv addımlar atırıq.
Fikrimcə, 2021-ci il Azərbaycanın sığorta bazarı üçün uğurlu bir il olacaq. Çünki ötən il 44 günlük Vətən Müharibəsi nəticəsində Qarabağımızın düşmən işğalından azad edilməsi sektorumuz üçün də yeni üfüqlar açmış olur. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq əminliklə və qürur hissi ilə bildirmək istəyirik ki, sığortaçılarımız Qarabağımızın sabahını sığortalamağa bütün imkanları ilə tam hazırdır.