Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda sahibkarların səhmdar kapitalda payçı kimi iştirak edə bilər.
"Report" xəbər verir, bunu Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda ADB-nin İnvestisiya üzrə baş inzibatçı Sənan Şabanov deyib.
“Görüşdüyümüz bütün sahibkarlar bizdən daha çox kredit istəyirlər. Səhmdar kapitalda payçı kimi bizim öz strategiyamız var və o şirkətlər razı olsa, biz 5-7 il ərzində payımızı satıb çıxa bilərik. Amma bunun üçün şirkət dayanıqlı və davamlı inkişaf yolunda olmalıdır”, - deyə o, qeyd edib.
"Azərbaycan şirkətlərində bəzən idarəetmə düzgün qurulmur. ADB-nin payçı olması üçün ilk olaraq şirkətin korporativ idarəetmə standartları qaydasında olmalıdır. Bankımız adətən şirkətin gündəlik əməliyyatlarında, yəni idarə edilməsində iştirak etmir. Biz daha çox Müşahidə Şurasında (MŞ) təmsil olunmağa üstünlük veririk. Bu da bizimlə əməkdaşlıq edən şirkətə əməliyyat müstəqilliyi verməyə şərait yaradır. Baza tələbələrimizi də deyim. Bəzən şirlətlərdə daxili audit departamenti yaradılır və İdarə Heyətinə (İH) tabe olur. Hansı ki, daxili audit departamenti MŞ-ya tabe olub İH-nin fəaliyyətini yoxlamalı və ona nəzarət etməlidir. Bəzi şirkətlərdə isə İH olmur, direktor və müavinləri olur. Hansı ki, kollegiyal qərar verilməsi üçün İH və yaxud ona oxşar orqanın olması vacibdir. Şirkət heç olmasa ildə bir dəfə öz fəaliyyətini kənar auditora yoxlatdırmalıdır. Bunun əsasında biz əmin olmalıyıq ki, şirkətin maliyyə hesabatları beynəlxalq audit standartları ilə uyğundur", - deyə ADB rəsmisi əlavə edib.
O, təmsil etdiyi qurumun Azərbaycandakı investisiya portfelindən də danışıb: “Bu günə qədər Azərbaycana verdiyimiz, geri ödənilmiş kreditlərin məbləği 4 milyard ABŞ dollarıdır. ADB-ni daha çox dövlət sektoru ilə işləyən bank kimi tanıyırlar. Amma özəl sektorla da müəyyən layihələrimiz var. 2030-cu ilə olan strategiyamızda 7 hədəf var. Onlardan biri investisiya və kredit portfelimizdə özəl sektorun payını artırılaraq 1/3-ə çatdırmaqdır. Biz həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə “Dövlət-özəlt tərəfdaşlığı (PPP) haqqında” qanun layihəsinin hazırlanmasında iştirak etmişik və artıq həmin sənəd Milli Məclisdə I oxunuşdan keçib”, - deyə S.Şabanov əlavə edib.