Beynəlxalq Valyuta Fondu (IMF) dünya iqtisadiyyatının gələcəyi ilə bağlı ənənəvi hesabatını açıqlayıb. Fondun ekspertlərinin hesablamalarına əsasən qlobal iqtisadiyyat 2021-ci ildə 5,5 %, 2022-ci ildə isə 4,2 % artım nümayiş etdirəcək.
“Report” xəbər verir ki, müvafiq artım tendensiyaları qlobal ticarətdə də davam edəcək və növbəti iki ildə, müvafiq olaraq, 8,1 və 6,3 %-lik artım trendləri müşahidə olunacaq.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirir ki, qlobal səviyyədə fövqəladə qeyri-müəyyən vəziyyətə baxmayaraq, əvvəlki hesabatla müqayisədə iqtisadi artım proqnozları 0,3 % artırılıb. Bu isə xüsusi ilə də, dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə nəhayət ki, pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar və ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilən iqtisadi dəstək siyasətləri ilə bağlıdır. Başa çatmaqda olan ilin göstəriciləri üzrə də qlobal iqtisadiyyatda azalma ötən ilin ikinci yarısında baş verən iqtisadi hadisələrə bağlı olaraq gözləniləndən 0,9 % daha az olub ki, bu da növbəti 2 il üzrə də artım gözləntiləri üçün yaxşı baza rolunu oynayır.
IMF-in hesablamalarına əsasən? qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı artım göstəriciləri pandemiya ilə mübarizənin nəticələrindən asılı olaraq müəyyənləşəcək. Belə ki, qlobal miqyasda vaksinasiya və müalicə proseslərinin daha sürətli və uğurlu baş verməsi fonunda paralel olaraq karantin tədbirlərinin zəiflədilməsi istehlak, investisiyalar və məşğulluğun daha yüksək inkişafı ilə nəticələnə bilər.
İqtisadi artım proqnozları ölkələr üzrə fərqlidir, səhiyyə xidmətləri, dəstək siyasətləri və digər spesifik xüsusiyyətlərdən asılı olaraq dəyişir. Azərbaycanın da daxil olduğu inkişafda olan ölkələr qrupunda iqtisadi artımın mərhələli bərpası daha çox özünü göstərəcəkdir. Belə ki, qrup ölkələrində növbəti iki ildə iqtisadi artım 6,3 % və 5 %, ticarətin həcmi isə 9,2 % və 6.7 % proqnozlaşdırılır. IMF-in proqnozlarına görə mərkəzi banklar 2022-ci ilin sonuna qədər faiz dərəcəsi siyasətini müəyyən olunan dəhliz çəçivəsində saxlayacaqlar və inkişafda olan ölkələr üçün bu istiqamətdə maliyyə vəziyyəti daha da yaxşılaşacaq. İnkişaf etmiş ölkələrdə inflyasiya göstəricilərinin hədəf diapozunu ötməyəcəyi və 1,5 % təşkil edəcəyi, inkişafda olan ölkələr üzrə də analoji trendin davam edərək 4 % üzərində olacağı və bu göstəricinin qrup ölkələri üçün tarixi minimum təşkil edəcəyi hesablamalarda öz əksini tapıb.
A.Müseyibov deyir ki, hesabatda diqqət çəkən mühüm bir məqam da dünya əmtəə bazarlarında neft qiymətləri ilə bağlıdır. Qlobal yenidənbərpanın da təsirləri ilə müvafiq əmtəənin qiymətlərinin 2020-ci illə müqayisədə 21,2 % artacağı proqnozlaşdırılır. Brent, Dubay və WTI neftinin orta qiyməti əsasında hesablanan bu proqnozlarda 2021-ci ildə dünya bazarlarında neft qiymətlərinin 50 ABŞ dolları/barellə çatacağı proqnozlaşdırmışdır ki, bu da oktyabr üzrə müvafiq proqnoz göstəricilərindən 4 ABŞ dolları/barell daha yüksək göstəricidir. Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı və smart iqtisadi modelin qurulması prioritet təşkil etsə də, indiki halda neft qiymətləri ilə bağlı pozitiv proqnozlar Azərbaycan iqtisadiyyatında iqtisadi artım drayverlərini tətikləyəcək.
Hesabatdan çıxan mühüm nəticələrdən biri də ondan ibarətdir ki, BVF-nin məlumatına əsasən inkişafda olan ölkələr pandemiya ilə mübarizə çərçivəsində ciddi borc problemləri ilə üzləşib. Buna müvafiq olaraq, hesabatda pandemiya ilə mübarizə aparılması məqsədi ilə qlobal miqyasda çoxvektorlu əməkdaşlıq siyasətinin qurulması, vaksinasiyaya bərabər çıxış imkanlarının təmin edilməsi və inkişafda olan ölkələrin artmaqda olan borc problemləri və gözlənilən likvidlik problemlərinə diqqət yönəldilir. Bu baxımdan Azərbaycan pandemiya ilə mübarizəni yalnız daxili fiskal resursları hesabına təmin etməklə xarici borc səviyyəsinə görə ən yaxşı ölkələrdən biri kimi öz mövqeyini qoruyub saxlayıb.
Beləliklə, nüfuzlu beynəlxalq agentlik və təşkilatların proqnozları, həmçinin Qarabağın maddi və qeyri-maddi resursları ilə ölkə iqtisadiyyatının dövriyyəsinə cəlb olunması 2021-ci ildə ölkəmizi iqtisadi inkişaf meqatrendlərinin gözlədiyini göstərir.