Azərbaycan ADB-nin fondlarına yenidən donor oldu

Azərbaycan ADB-nin fondlarına yenidən donor oldu Azərbaycan və Filippin 2021-2024-cü illər üzrə aşağı gəlirli ölkələrinə qrant ayırmaq üçün ADB-nin donorlar siyahısına daxil edildi
Maliyyə
17 Sentyabr , 2020 14:19
Azərbaycan ADB-nin fondlarına yenidən donor oldu

Asiya İnkişaf Bankının (ADB) donorları 2021-2024-cü illər üzrə aşağı gəlirli ölkələrinə qrant ayırmaq üçün yaradılan Asiya İnkişaf Fonduna (ADF) və Texniki dəstək üzrə Xüsusi Fonda (TASF) 4 mlrd ABŞ dolları vəsait ayrılması barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, ADF üçün sənədə 13, TASF üçün isə 7 donor imza atıb.

Məlumata görə, bu ayrılan vəsait 2017-2020-ci illəri əhatə edən birinci mərhələdəki ayrılmalardan 7% çoxdur. Donorlar ADF üçün 3,5 mlrd ABŞ dolları, TASF üçün isə 0,5 mlrd ABŞ dolları xərcləməyi düşünür.

Ümumi vəsaitin 2,3 mlrd ABŞ dolları yaxud 58%-i 30 donor tərəfindən qarşılanacaq ki, onlara Azərbaycan və Filippin kimi iki yeni tərəfdaş da daxildir.

Yardımların 1,7 mlrd ABŞ dolları yaxud 42%-i isə ADB-nin adi kapital ehtiyatlarından və ADF-nin likvid investisiyalarından transferlər də daxil olmaqla daxili resurslar hesabına qarşılanacaq.

Gələcəkdə 3 donorun da qoşulacağı təqdirdə ayrılmaların həcminin artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, bu gündən etibarən videokonfrans formatında ADB Rəhbərlər Şurasının 53-cü İllik Toplantısı keçiriləcək.

İki gün (17-18 sentyabr) davam edəcək toplantıda Azərbaycanın Maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov təmsil edir.

Qeyd edək ki, Azərbaycan 2020-ci ildən ADF də daxil olmaqla 3 fonda donor qismində qoşulub. Bu il ADB üçün 2 mln ABŞ dolları, Avropa Yenidənqurma və İnkişaf Bankında iştirak etmək üçün 2 mln ABŞ dolları və Beynəlxalq İnkişaf Assosiasiyasında iştirak etmək üçün isə 3 milyon ABŞ dolları olmaqla ümumilikdə 7 mln ABŞ dolları ayrılıb.

Son xəbərlər

Orphus sistemi