Azərbaycan ordusu dünən Cəbrayıl şəhərini işğaldan azad etdikdən sonra "Azərbaycan Beynəlxalq Bankı" ASC Cəbrayıl filialını açma qərarını elan edib. Bununla bağlı Bankın İdarə Heyətinin bu gün keçirilən toplantısında qərar verilib və qərar korporativ idarəetmə prosedurlarına uyğun şəkildə təsdiq üçün Müşahidə Şurasına təqdim edilib.
Ərazinin düşməndən təmizlənməsi üçün Ordumuzun davam etdirdiyi əməliyyatlara paralel olaraq Bank yeni filialların formalaşdırılması prosesini həyata keçirəcək. Rayonda normal həyat bərpa olunandan sonra doğma yurdlarına dönən Cəbrayıl sakinləri ilk günlərdən "Azərbaycan Beynəlxalq Bankı"nın yerli filiallarının məhsul və xidmətlərindən istifadə edə biləcəklər. Dağlıq Qarabağ və ətrafdakı digər rayonlarımız Ermənistan silahlı birləşmələrindən təmizləndikcə Bank bu ərazilərdə də yeni filiallarını açmaqda qərarlıdır.
"Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İdarə Heyətimizdə bu qərarı qəbul edərkən keçirdiyimiz hissləri izah etmək mümkün deyil. Belə bir günü uzun illər idi ki, gözləyirdik. Şanlı Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu arzumuzu reallığa çevirdi. "Azərbaycan Beynəlxalq Bankı"nın indiyə qədər 37 filialı, 39 şöbəsi mövcud idi. 38-ci filialımızın məhz Cəbrayıl filialı olması Bankımızın tarixində də möhtəşəm bir hadisədir. Arzu edirik ki, yaxın günlərdə Ordumuzun işğaldan azad etdiyi digər rayonlarımızda da yeni filiallar aça bilək. Qəhrəman hərbçilərimizin düşməndən təmizlədikləri ərazilərimizin inkişaf mərkəzinə çevrilməsində Azərbaycan Beynəlxalq Bankı olaraq biz də yaxından iştirak edəcəyik”.
İşğaldan azad edilmiş rayonlarda açılan bank filialları əhalinin qayıdışı proqramının reallaşdırılmasında, regionda quruculuq işlərinin, sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsində, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin yaradılmasında çox mühüm funksiya yerinə yetirəcək.