Bu ilin yanvar-mart aylarında Azərbaycanda əsas kapitala 3 milyard 523,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 40,3 % çox vəsait yönəldilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 51,7 % artıb.
Hesabat dövründə istifadə olunmuş vəsaitin 1 milyard 941,3 milyon manatı və yaxud 55,1 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 396,5 milyon manatı və yaxud 39,6 %-i xidmət sahələrinə, 185,3 milyon manatı və yaxud 5,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
3 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 577,3 milyon manatını və yaxud 73,2 %-ni daxili vəsaitlər təşkil edib, 2 milyard 517,5 milyon manatı və yaxud 71,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,8 %, büdcə vəsaitləri 39 %, əhalinin şəxsi vəsaitləri 6,4 %, bank kreditləri 4,1 %, sair vəsaitlər isə 4,7 % paya malik olub.