Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə oktyabrın 20-dən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verəcək.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən yeni biznes subyektlərinin kapital bazarları vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır. Eyni zamanda layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarları və BFB-də listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarı haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarlarına yönəldilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonundakı KOB İnkişaf Mərkəzində keçiriləcək. Tədbirdə BFB-nin və investisiya şirkətlərinin nümayəndələrinin kapital bazarlarından maliyyələşmə və listinq mövzularında təqdimatların etməsi, o cümlədən biznes subyektləri üçün ödənişsiz investisiya məsləhətləri verməsi və onları Birjanın həyata keçirdiyi “Listinq Məsləhət Proqramı”na dəvət etməsi planlaşdırılır. Həmçinin tədbir çərçivəsində investisiya şirkətlərinin kapital bazarları vasitəsilə maliyyələşməyə marağı olan biznes subyektlərinin təsərrüfatlarına yerində baxış keçirilərək onların maliyyələşmə imkanlarını dəyərləndirməsi planlaşdırılır.