2021-ci ildə Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədən 7 milyard manatlıq və yaxud 448,62 milyon ədəd pul nişanı mədaxil edib, dövriyyəyə 7,4 milyard manatlıq və yaxud 474,6 milyon ədəd pul nişanı isə məxaric edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, son nəticədə ötən il tədavüldə olan nağd pul kütləsi 4% (470 milyon manat) artaraq hesabat dövrünün sonuna 12,3 milyard manat təşkil edib.
Bundan başqa, hesabat dövründə 10,5 milyard manatlıq pul nişanları avtomatlaşdırılmış sistemlərdə emal olunaraq dövriyyəyə yararlı pul nişanları kimi təkrar tədavülə buraxılıb, 2,7 milyard manatlıq yararsız pul nişanları isə tədavüldən çıxarılıb.
Bundan başqa, il ərzində 358 ədəd (28 min manatlıq) saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və hüquq mühafizə orqanlarına təqdim edilib. Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə 6 cinayət işi açaraq istintaq aparıb.
Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Bakıda yeni “Nağd pul ofisi” yaradılıb, bütün nağd pul ofisləri ilə əhalidən 8 milyon manatlıq (138 min ədəd) pul nişanları qəbul edilərək dəyişdirilib, eləcə də “səyyar kassa” xidməti vasitəsilə 4,3 milyon manatlıq (20,7 milyon ədəd) metal pul nişanları iri ticarət müəssisələrinə çatdırılıb.