Bu gün "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə ölkədə sığorta maarifləndirilməsi və təbliğatı ilə əlaqədar olaraq sığortaçılar arasında kommunikasiya strategiyasının müəyyənləşdirilməsi ilə bağlı tədbir keçirilir.
“Report”un ASA-ya istinadən verdiyi məlumata görə, tədbir Azərbaycan Mərkəzi Bankı (AMB), ASA və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində layihələrin təşkil olunması ilə bağlı kommunikasiya strategiyasının müəyyənləşdirilməsi məqsədi ilə təşkil olunub.
Tədbirdə adları çəkilən qurumların rəhbərlikləri, eyni zamanda yerli sığorta bazarında fəaliyyət göstərən 20 sığorta və 1 təkrarsığorta şirkətinin sədrləri iştirak edirlər.
ASA-nın İcraçı direktoru Elmar Mirsalayev bildirib ki, müvafiq Memorandumla bağlı işlərə artıq başlanılıb: “Əhalinin sığorta məlumatlılığının müəyyənləşdirilməsi ilə bağlı layihə çərçivəsində sistemli sorğular keçirildi və boşluqlar müəyyənləşdirildi. Bugünkü tədbirdə aparılacaq müzakirə nəticəsində növbəti mərhələdə sığorta ilə bağlı kütləvi tədbir və layihələrə intensiv şəkildə start veriləcək”.