Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2019-cu ili 127 min manat xalis mənfəətlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 357 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, 2019-cu ildə AZSTAND-ın vergiyəqədərki mənfəəti 159 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 32 min manat (2018-ci ildə vergi ödəməyib) təşkil edib.
2020-ci il yanvarın 1-nə İnstitutun aktivləri 7,219 milyon manat olub ki, bu da illik müqayisədə 1,3% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 33% azalaraq 63 min manata, balans kapitalı isə 0,9% azalaraq 7,157 milyon manata düşüb.
Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliklə məşğuldur.