Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçini və səfirlik nümayəndələrini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Palata məlumat yayıb.
Məlumata görə, səfir V.Gülməmmədova görüş üçün öz təşəkkürünü bildirib və iki ölkənin Ali Audit Qurumları (AAQ)arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.
Görüşdə palata sədri Yaponiya və Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü ilə bağlı səfiri və səfirliyin əməkdaşlarını təbrik edib. O, Hesablama Palatasının fəaliyyəti, strukturu barədə məlumat verərək INTOSAI və ASOSAI çərçivəsində AAQ-ı arasında mövcud əlaqələrdən bəhs edib, yaxın gələcəkdə bu əlaqələrin və əməkdaşlığın daha sıx və intensiv inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində iki ölkənin AAQ-ları arasında gələcək bilik və təcrübə mübadiləsi imkanları barədə də müzakirələr aparıb.
V.Gülməmmədov Hesablama Palatasının ASOSAI-ın Audit Komitəsinə üzv seçilməsi barədə məlumat vermiş və ASOSAI təşkilatında qabaqcıl AAQ-lardan biri kimi, eləcə də, ASOSAI-ın Təlim Administratoru olan Yaponiya Audit Şurası ilə əməkdaşlığın yeni səviyyədə daha da inkişaf etdirilməsi və gücləndirilməsi zərurətini qeyd edərək Yaponiyanın ölkəmizdəki səfirliyinin bu istiqamətdə müvafiq dəstəyin göstərilməsinə ümidvar olduğunu bildirib.
Azərbaycan və Yaponiya arasında yüksək səviyyəli münasibətləri vurğulayan tərəflər iki ölkənin AAQ-ı arasında da fəal və güclü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.