Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) sentyabrın 1-də keçiriləcək Direktorlar Şurasının növbəti iclasında bankın imkanlarını və səmərəliliyini artırmaq üçün üzv ölkələrə bankın kapitalına 250 milyon avro əlavə etməyi təklif edəcək.
“Report” xəbər verir ki, bu barədə BSTDB prezidenti Dmitri Pankin Salonikidə jurnalistlərlə görüşündə bildirib.
“Bu cür əlavə kapitallaşma reytinq agentliklərinə üzv ölkələrin banka kömək etməyə və dəstək verməyə hazır olduqlarını göstərəcək”, - Pankin deyib.
Onun sözlərinə görə, əlavə kapitallaşma uzun müddətdir müsbət proqnozla “A-” səviyyəsində olan reytinqi yüksəltmək şansını da artırır.
Bankın prezidenti əlavə edib ki, BSTDB-nin cari kapitalı ilə 2,3 milyard avroluq layihələr portfeli də ən yuxarı həddə (təxminən 2,6 milyard avro) yaxındır.
D.Pankin qeyd edib ki, hər hansı digər oxşar inkişaf bankı kimi BSTDB də kapitalının böyük həcmdə - 3-4 milyard avro artmasından məmnun olardı, amma büdcə kəsiri ilə üzləşən üzv ölkələrin çətinliklərini də anlayırlar.
Bankın məlumatına görə, hazırda bankın elan olunmuş kapitalı 3,45 milyard avro, abunə olunmuş kapitalı 2,289 milyard avro, ödənilmiş kapitalı isə 0,687 milyard avrodur. 250 milyon avroluq əlavə kapitallaşma, Direktorlar Şurası tərəfindən təsdiqlənərsə, səkkiz il ərzində elan olunmuş kapitalından ödənilmiş kapitala köçürmə anlamına demək olacaq.
BSTDB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilatda pay bölgüsü belədir: Türkiyə, Rusiya və Yunanıstan - hərəyə 16,5 %, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - 1 %, Gürcüstan və Moldova - hər biri 0,5 %. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti və əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir. Bankın nizamnamə kapitalı 3,45 milyard avrodur, uzunmüddətli kredit reytinqi isə “S&P”dən “A-”, “Moody's”dən “A2”dir.
Qeyd edək ki, bankın Azərbaycanda 37 layihə üzrə portfeli 482 milyon avro təşkil edir.