Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının ötən il oktyabrın 1-də istismara verdiyi Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində "Rabitəbank" ASC AÖS-ə inteqrasiya olunub.
"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Beləliklə, "Rabitəbank"ın müştəriləri fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanını əldə edib.
Hazırda 20 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.