Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı hazırlanmış qanun layihəsi artıq Milli Məclisə daxil olub.
Sənəddə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.