Bu ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin eyni ayına nisbətən 113,6 % təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 117,5 %, qeyri-ərzaq məhsulları üzrə 112,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 % olub.
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101 % təşkil edib.
2023-cü ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 % təşkil edib.
Bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,5 %, qeyri-ərzaq məhsulları üzrə 112,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,7 təşkil edib.
Bu ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarması, düyü, un, peçenye, qoyun və toyuq əti, balıq konservləri, süd, xama, pendir, nar, alma, heyva, naringi, banan, xiyar, pomidor, soğan, kartof, yerkökü, şəkər və şəkər tozu, konfetlər, çay, kola içkisi, araq, ucuzlaşma isə əsasən qarabaşaq yarması, mərci, günəbaxan yağı, portağal, limon və kələmin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 % təşkil edib. Yanvarda əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampaları, sintetik yuyuсu vasitələri, diş pastaları, sabunlar, şampunlar, dərman vasitələrindən analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtalar, yağlı boyalar, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 % təşkil edib. Bu ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.