Azərbaycanda qiymətli kağızlar bazarında müxtəlif müəssisələrin səhm və istiqrazları, Maliyyə Nazirliyinin istiqrazları və Azərbaycan Mərkəzi Bankının (AMB) notları mövcuddur. Bu qiymətli kağızların heç də hamısına yatırım etmək eyni dərəcədə etibarlı və gəlirli hesab olunmur.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli “Report”a açıqlamasında dövlət istiqrazlarının bütün dünyada minimum riskli istiqraz kimi qəbul olunduğunu qeyd edib:
“Etibarlılıq baxımından bütün dünyada, o cümlədən Azərbaycanda dövlət qiymətli kağızları, AMB-nin istiqrazları ən aşağı risklə ölçülən qiymətli kağızlardır. Gəlirlilikdə riskə görə isə, bu istiqrazlar nisbətən özəl sektor istiqrazlarından daha aşağı gəlirlidir. Hazırda Azərbaycan şirkətlərinin buraxdığı istiqrazların manat gəlirliliyi 10-11 %-dirsə, dövlət qiymətli kağızlarında bu faiz daha aşağıdır və illik gəlirlilik 5-6 %-lə ölçülür”.
Ekspert son illərdə SOCAR istiqrazlarına inamın artdığını diqqətə çatdırıb:
“Korporativ istiqrazları baxımından Azərbaycanda qiymətli kağızlar bazarında ən çox tədavül olunan valyuta istiqrazı SOCAR-ın istiqrazlarıdır ki, zamanında bu kağızlar buraxılanda ilkin olaraq əhali tərəfindən onlara çox da etibar olunmadığı görünmüşdü. Bu da devalvasiya dönəmi ilə bağlı idi. Sonrakı dönəmlərdə kağızın ödənişlərinin və bütün icraatların vaxtlı-vaxtında getməsi kağıza ciddi şəkildə inamın artmasına gətirib çıxardı. Hazırda bu kağızların gəlirliyi olduqca aşağı düşüb, təxminən 3 % civarındadır. Baxmayaraq ki, bu istiqrazlar 5 % gəlirliliklə buraxılmışdı”.
C.İbrahimli qiymətli kağızlara investisiya etməyin üstünlüyündən də danışıb:
“Azərbaycanda fiziki şəxslərin əllərindəki vəsaitlərini əsasən banklarda və ya qiymətli kağızlarda qiymətləndirmək imkanları var. Hazırda bankların əmanət faizi də əvvəlki illərlə müqayisədə kifayət qədər aşağı düşüb. Əhali üçün qiymətli kağızlarla bağlı üstünlük bundan ibarətdir ki, banklarla müqayisədə istədiyiniz vaxt qiymətli kağızları satıb vəsaitinizi likvid edə bilirsiniz. Bunun uzun bir müddəti yoxdur. Əmanətlərdə isə bu barədə bir qədər məhdudiyyətlər var”.
Səhm bazarının sərfəli olub-olmaması ilə bağlı ekspert bunları qeyd edib:
“Səhm bazarı bu gün istənilən səviyyədə likvid olmadığı üçün bura əhalinin vəsaitlərinin yönəldiyini çox da müşahidə etmirik. Amma konkret olaraq müəyyən şirkətlər və böyük banklar var ki, onlar səhmdarlarına kifayət qədər dividend verirlər və hətta digər bankların təqdim etdiyi əmanətlərdən daha çox gəlir təqdim edirlər. Səhm bazarı sabit gəlirli maliyyə alətlərinə görə riskli hesab olunur. Amma Azərbaycanda insanların səhm bazarına çox investisiya etməməsinin səbəbi bazarda dövriyyənin məhdud olması, bazarın ümumi həcminin az olmasından qaynaqlanan bir məsələdir”.