Azərbaycanda transsərhəd kağızsız ticarətin qiymətləndirilməsi layihəsi başlayıb

Azərbaycanda transsərhəd kağızsız ticarətin qiymətləndirilməsi layihəsi başlayıb BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (United Nations ESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsi cari ildə Azərbaycanda öz işinə start verib.
Maliyyə
2 İyul , 2021 11:14
Azərbaycanda transsərhəd kağızsız ticarətin qiymətləndirilməsi layihəsi başlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (United Nations ESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsi cari ildə Azərbaycanda öz işinə start verib.

“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.

Məlumata görə, layihə üzrə Kommissiyanın milli koordinatorları - Dövlət Gömrük Komitəsi və İİTKM, ESCAP-ın nümayəndə heyəti və beynəlxalq ekspertlər arasında ilk görüş keçirilib.

"Bu layihənin məqsədi Azərbaycanın transsərhəd kağızsız ticarətə keçməsi üçün texniki və hüquqi hazırlıq üzrə qiymətləndirmələrdən, tövsiyələr və fəaliyyət planlarından irəli gələn hesabatların hazırlanmasıdır. Hazırlanacaq hesabatlar bu istiqamətdə milli və beynəlxalq səviyyədə daha miqyaslı tədbirlərin təşkili üçün dəyərli əsas ola bilər. Layihə BMT-nin beynəlxalq ekspert qrupu tərəfindən reallaşdırılacaqdır.

Nəticədə, BMT ilə birgə konfrans təşkil ediləcək. Xüsusilə qeyd etmək lazımdır ki, bu layihə çox önəmli layihədir, belə ki, Azərbaycan 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən biridir. Məlumdur ki, “Rəqəmsal gömrük” həlli Çərçivə Sazişinin müddəalarının yerinə yetirilməsində çox mühüm rol oynayır. Bu mənada Dövlət Gömrük Komitəsinin transsərhəd kağızsız ticarətin reallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi istiqamətində gördüyü işləri xüsusilə vurğulamaq lazımdır.

Rəqəmsal Ticarət Qovşağının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, o cümlədən xarici ölkələrlə rəqəmsal imzaların qarşılıqlı tanınması dövlətin digər elektron xidmətləri ilə birlikdə transsərhəd kağızsız ticarətin inkişafında çox önəmlidir", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi