Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 7 482 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 % çoxdur.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat Naziriliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, həmin qurumlarının 82,8 %-i elektron qaydada, 17,2 %-i isə kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 92,3 % təşkil edib. İlkin qeydiyyat prosedurundan keçmiş kommersiya hüquqi şəxslərdən 1 701-nin ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Hesabat dövründə qeydiyyatdan keçmiş 7 482 kommersiya qurumunun 91,2 %-i yerli investisiyalı, 8,8 %-i xarici investisiyalı müəssisələrdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının xüsusi çəkisi 36,5 % artıb.