Azərbaycanın ADB-dən cəlb etdiyi maliyyələşdirmənin həcmi açıqlanıb

Azərbaycanın ADB-dən cəlb etdiyi maliyyələşdirmənin həcmi açıqlanıb Bu il aprelin 1-nə Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard ABŞ dolları həcmində maliyyələşdirmə proqramları icra edilib.
Maliyyə
27 İyun , 2024 17:33
Azərbaycanın ADB-dən cəlb etdiyi maliyyələşdirmənin həcmi açıqlanıb

Bu il aprelin 1-nə Asiya İnkişaf Bankı (ADB) ilə Azərbaycan arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,2 milyard ABŞ dolları həcmində maliyyələşdirmə proqramları icra edilib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Bildirilir ki, Azərbaycan hökumətinin cəlb etdiyi kreditlər üzrə həyata keçirilən layihə və proqramların məbləği 3,2 milyard ABŞ dollars, dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlar üzrə 930 milyon ABŞ dolları, bilavasitə özəl sektorun maliyyələşdirilməsi üzrə 62 milyon ABŞ dolları ayrılıb, həmçinin ADB tərəfindən ölkədə həyata keçirilən layihələrin icrasına dəstək göstərilməsi məqsədilə qrant və texniki yardımlar göstərilib. Həmin əməkdaşlıq proqramları nəqliyyat, dövlət maliyyəsinin idarə edilməsi, enerji, su, şəhər infrastrukturu və digər sektorları əhatə edib.

Bu gün Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında tərəfdaşlığın 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ADB-nin Rəhbərlər Şurasının Azərbaycan tərəfindən üzvü, maliyyə naziri Samir Şərifov 25 il ərzində Azərbaycanın ADB-nin simasında güclü və etibarlı inkişaf tərəfdaşı qazandığını, bu tərəfdaşlığın bir çox uğurlu nəticələrinin olduğunu, Bankın hökumətin prioritetləri əsasında ölkədə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirib.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair strategiya sənədi qəbul etdiyini xatırladaraq, milli prioritetlərə əsaslanan, iri, ambisiyalı inkişaf proqramlarını və layihələrini özündə əks etdirən həmin strategiyada qarşıya qoyulan vəzifələrin və çağırışların yerinə yetirilməsində uzunmüddətli, səriştəli və sınanmış iqtisadi-maliyyə tərəfdaşı kimi ADB-nin Azərbaycan hökumətinə maliyyə, texniki və məsləhət dəstəyini davam etdirəcəyinə əminliyini ifadə edib.

Digər üzv ölkələr kimi Azərbaycanın da bankın mütərəqqi təcrübəsindən və texniki dəstəyindən bəhrələndiyini vurğulayan nazir son illərdə ADB-nin texniki dəstəyindən faydalanan benefisiarların sayının artdığını diqqətə çatdırıb, bu sırada hökumət qurumlarını, o cümlədən energetika, vergi, sosial müdafiə, təhsil, kiçik və orta sahibkarlıq və özəl tərəfdaşları qeyd edib.

Tədbirdə 1999-cu ildən etibarən ölkə ilə ADB arasında tərəfdaşlığın inklüziv, yaşıl və çiçəklənən Azərbaycana dəstək olmağa yönəldiyini vurğulayan bankın prezidenti Masatsuqu Asakava bu məqsədlərə nail olmağa davam etmək üçün ADB-nin Azərbaycanla işləməyə davam edəcəyini vurğulayıb.

O qeyd edib ki, ADB Asiya və Sakit Okean regionu üçün iqlimi dəstəkləyən bank kimi xidmət göstərməyə tam sadiqdir və Bank 2030-cu ilə qədər 100 milyard ABŞ dolları həcmində iqlim maliyyələşdirməsini təmin etməyi hədəfləyir: “Buna görə də mən Azərbaycan hökumətinin 2030-cu ilə qədər bərpa olunan enerjinin payını 30 %-ə çatdırmaq məqsədini də nəzərdə tutan enerjidə keçid istiqamətində inamlı səylərini görməkdən çox şadam. Bu həqiqətən də iddialı və təqdirəlayiq hədəfə nail olmaqda ADB Azərbaycanı dəstəkləməyə davam edəcək”.

ADB prezidenti bildirib ki, Azərbaycan həmçinin dayanıqlı şəhər nəqliyyatı üzrə e-mobillik, dəmir yollarının rəqəmsallaşdırılması, sürətli dəmir yolu, metro sisteminin təkmilləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması və təhlükəsiz su təchizatının təmin edilməsi kimi bir sıra innovativ təşəbbüslərə diqqət yetirir. ADB "yaşıl enerji", su resursları, bağlantıların yaradılması və iqlimə davamlı infrastrukturun prioritetləşdirilməsi üçün öz dəstəyini təklif etməkdən məmnundur.

ADB-nin COP29 tədbirinə hazırlıq istiqamətində Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan M.Asakava qeyd edib ki, bu qlobal tədbir Azərbaycanı iqlim dəyişikliyi gündəliyinin ön sıralarında yerləşdirəcək, iqlim dəyişikliyi ilə bağlı aktual qlobal problemlərin həllində ölkənin aparıcı rolunu gücləndirəcək.

Azərbaycana səfərləri çərçivəsində iyunun 26-da ADB prezidenti Şamaxı və Bakının Qaradağ rayonuna səfər edib. Şamaxı rayonuna səfər zamanı qonaq üzümçülük və şərabçılıq müəssisəsi ilə tanış olub, rayonun tarixi, sosial-iqtisadi, mədəni həyatı, turizm potensialı, habelə şərabçılığın inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə ona məlumat verilib.

Qaradağda Masatsuqu Asakava ADB tərəfindən ayrılan 21,4 milyon ABŞ dollarlıq kreditlə birgə maliyyələşdirilən 230 meqavat gücündə günəş elektrik stansiyasına baş çəkib. Stansiya ADB-nin Azərbaycanda ilk bərpa olunan enerji layihəsidir və ölkədə uzunmüddətli beynəlxalq inkişafın maliyyələşdirilməsini əhatə edən özəl sektorun bərpa olunan enerji sahəsinə ilk əhəmiyyətli investisiyasıdır.

ADB prezidentinin Azərbaycana səfəri çərçivəsində sabah ADA Universitetində “Dünyanın zirvələri əriyir: Azərbaycandakı buzlaqları qorumaq üçün müştərək fəaliyyətə çağırış” mövzusunda çıxış edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidentini qəbul edib. Qəbul zamanı Azərbaycanın strateji inkişaf prioritetləri, o cümlədən yaşıl keçidlə əlaqədar mövzular müzakirə olunub. Dövlət başçısı Azərbaycan iqtisadiyyatının həm ölkə, həm də regional əməkdaşlıq üçün önəm daşıyan sahələrinin inkişafına bankın verdiyi dəstəyi qeyd edib, xüsusilə Azərbaycan təbii qazının nəql edilməsi layihələrinə Avropa maliyyə institutları tərəfindən bəzi maliyyə gecikmələrinin olduğu zaman bu məsələdə Asiya İnkişaf Bankının birmənalı dəstəyini yüksək qiymətləndirib. Görüş zamanı "yaşıl enerji"nin istehsalı və ixracı məsələlərinə toxunulub, Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı əməkdaşlıq məsələləri də daxil olmaqla, Mərkəzi Asiya dövlətlərinin nəqliyyat sahəsində Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi