Bu il oktyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 30 619 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il oktyabrın 1-i ilə müqayisədə 2,4% azdır.
Bankların aktivlərinin 13 169 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,3% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,5%-dən 43%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 2,55% azalaraq 25 994,6 milyon manata, o cümlədən depozit portfeli 3,4% azalaraq 19 377,4 milyon manata düşüb. Bunun 7 716 milyon manatı fiziki, 11 661,4 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 9,1% azalıb, şirkətlərin banklardakı vəsaitləri isə 0,8% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 2,4 dəfə artaraq 384,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 1,4% azalaraq 4 624,4 milyon manat təşkil edib.