Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 462,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20% çoxdur.
Bankların aktivlərinin 15 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,15 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6%-dən 40,3%-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4% artaraq 33 492,9 milyon manata, o cümlədən depozit portfeli 30% artaraq 26 938,3 milyon manata çatıb. Bunun 9 032,4 milyon manatı fiziki, 17 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 14,8% azalaraq 319,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,7% artaraq 4 969,3 milyon manat təşkil edib.