Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 40 149,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 22,4 % çoxdur.
Bankların aktivlərinin 16 645,9 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 23,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41 %-dən 41,5 %-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 25,3 % artaraq 35 159,2 milyon manata, o cümlədən depozit portfeli 33,9 % artaraq 28 613,7 milyon manata çatıb. Bunun 10 340,4 milyon manatı fiziki, 18 273,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 25,8 %, şirkətlərin banklardakı vəsaitləri isə 39 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 12,2 % azalaraq 326 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,5 % artaraq 4 990 milyon manat təşkil edib.