Bu il iyunun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 810,7 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 8,2% çoxdur.
Bankların aktivlərinin 13 501 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 3,55% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,7%-dən 39,9%-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 29 058,2 milyon manata, o cümlədən depozit portfeli 10,6% artaraq 22 065,5 milyon manata çatıb. Bunun 8 478 milyon manatı fiziki, 13 587,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3%, şirkətlərin banklardakı vəsaitləri isə 9,6% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 6,6% azalaraq 371,3 milyon manat olub.
Sektorun balans kapitalı isə 4,2% artaraq 4 752,5 milyon manat təşkil edib.