Bu il noyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 697,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 7,7 % çoxdur.
Bankların aktivlərinin 25 milyard 515,8 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 20,85 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 45,8 %-dən 51,3 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,5 % artaraq 43 milyard 254,6 milyon manata, o cümlədən depozit portfeli 3,9 % artaraq 34 milyard 373,9 milyon manata çatıb. Bunun 13 milyard 969,5 milyon manatı fiziki, 20 milyard 404,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 13,8 % artıb, şirkətlərin banklardakı vəsaitləri isə 1,95 % azalıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,05 dəfə azalaraq 44,8 milyon manat olub.
Sektorun balans kapitalı isə 9 % artaraq 6 milyard 443,2 milyon manat təşkil edib.