2020-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 14 129,5 milyon manatlıq əməliyyat aparılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 13,7 % azdır.
İllik göstəricinin 9 046,1 milyon manatlıq hissəsi ilkin bazarda (31,4 % az), 5 083,4 milyon manatlıq hissəsi isə təkrar bazarda (58,9 % çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 6 296 əqd bağlanılıb. Bu, illik müqayisədə 3,7 % çoxdur. Əqdlərin 1 491-i ilkin bazarın (20,7 % az), 4 805-si isə təkrar bazarın (14,6 % çox) payına düşüb.
Ötən il qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 622,9 milyon manatlıq hissəsi və yaxud 61 %-i dövlət qiymətli kağızlarının, 3 356,5 milyon manatlıq hissəsi və yaxud 23,8 %-i korporativ qiymətli kağızların, 2 150,2 milyon manatlıq hissəsi və yaxud 15,2 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu, 1 il əvvələ nisbətən müvafiq olaraq 26,8 % az, 3,5 % az və 91,5 % çoxdur.
İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 1 737-i və yaxud 27,6 %-i dövlət qiymətli kağızlarının, 3 237-i və yaxud 51,4 %-i korporativ qiymətli kağızların, 1 322-si və yaxud 21 %-i isə repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə müvafiq olaraq 20,2 % az, 1,2 % az və təxminən 2,1 dəfə çoxdur.