“AzerGold” QSC bu ilin I yarısını 21,668 milyon manat mənfəətlə başa vurub.
“Report” xəbər verir ki, “AzerGold”un gəlirləri 80,853 milyon manat, xərcləri 59,185 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə “AzerGold”un aktivləri 266,003 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 11,9 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 11,9 % azalaraq 62,507 milyon manata, balans kapitalı 22 % artaraq 203,497 milyon manata, nizamnamə kapitalı isə 67,5 % artaraq 62 milyon manata çatıb
Xatırladaq ki, “AzerGold” Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 milyon manatdır. Cəmiyyətin əsas fəaliyyəti Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə səciyyələnir və onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.