“Azfinance İnvestisiya Şirkəti” QSC "Bakı Fond Birjası" QSC-də istiqrazlarını yerləşdirməyə hazırlaşır.
"Report" bu barədə qiymətli kağızların İnformasiya Memorandumuna istinadən xəbər verir.
Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 1 000 ədəd, yəni 1 milyon manatlıq diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 5 il müddətində tədavüldə olacaq. Emitentin tədavül müddətində onları geri alması nəzərdə tutulmayıb.
İstiqrazların illik faiz dərəcəsi, faizlərin hansi intervalla ödəniləcəyi isə hələ ki, açıqlanmayıb. Yalnız o məlumdur ki, fiziki şəxslər istiqrazlar üzrə onlara ödənilən faizlərdən (kupon) 1 fevral 2023-cü ilə qədər vergi ödəməyəcəklər. Hüquqi şəxslər isə əldə etdikləri faizlərin 10%-i qədər vergi ödəməli olacaqlar.
Xatırladaq ki, “Azfinance" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,55 milyon manatdır. İnvestisiya şirkətinin səhmləri 100 % Dubayda (BƏƏ) qeydiyyatdan keçmiş “G Capital Middle East Ltd.” şirkətinə məxsusdur.