“Bank of Baku” ASC bu ilin I rübünü 4,11 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.
Yanvar-mart aylarında “Bank of Baku”nun gəlirləri 17,359 milyon manat (illik müqayisədə 7,8 % çox), xərcləri 13,174 milyon manat (0,5 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 715 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 790 min manat (16,8 % az) təşkil edib.
Bu il aprelin 1-nə “Bank of Baku”nun aktivləri 432,231 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur. Bunun 256,509 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 7,3 % böyüyüb.
Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 2,4 % azalaraq 351,339 milyon manat, o cümlədən depozit portfeli 11,8 % artaraq 204,502 milyon manat, balans kapitalı isə 22 % artaraq 80,892 milyon manat təşkil edib.
Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35 %-i Türkiyənin "NAB Holding"inə, 31,1 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik, "AFB Bank" ASC-nin isə 99,6 %-lik səhmdarı), 28,9 %-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5 %-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.