Bayden administrasiyası son 28 ildə ilk dəfə vergi dərəcələrini artırmağa hazırlaşır

Bayden administrasiyası son 28 ildə ilk dəfə vergi dərəcələrini artırmağa hazırlaşır Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb
Maliyyə
17 Mart , 2021 14:54
Bayden administrasiyası son 28 ildə ilk dəfə vergi dərəcələrini artırmağa hazırlaşır
Cozef Bayden

ABŞ prezidenti Cozef Baydenin administrasiyası pandemiya ilə mübarizə haqqındakı qanun layihəsinin davamı olaraq hazırlanan uzunmüddətli iqtisadi proqramı maliyyələşdirmək üçün 1993-cü ildən bu yana ABŞ-da ilk dəfə federal vergi dərəcələrinin böyük həcmdə artımını başlatmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

İqtisadiyyatı dəstəkləmək üçün 1,9 trilyon dollarlıq antiböhran proqramından fərqli olaraq, yeni təşəbbüs daha günişmiqyaslı olacaq və maliyyələşmə mənbələrinin genişləndirilməsini tələb edəcək.

Dörd mənbə agentliyə bildirib ki, Ağ Evin əsasən Baydenin 2020-ci il seçki kampaniyasındakı təkliflərinin əksəriyyəti əks etdirən bir sıra vergi artımları təklif edəcəyi gözlənilir.

Vergi artımlarına, çox güman, 2017-ci ildə sabiq prezident Donald Trampın təşəbbüsü ilə qəbul edilmiş korporasiyalar və varlı amerikalılar üçün vergi yükünü azaldan dəyişikliklərin ləğvi də daxil olacaq.

Agentliyin mənbələrinin sözlərinə görə, hazırda aşağıdakı təkliflər planlaşdırılır və ya nəzərdən keçirilir: korporativ vergisi dərəcəsini 21 %-dən 28 %-ə qaldırmaq; məhdud məsuliyyətli şirkətlər üçün vergi güzəştlərinin ləğvi; ildə 400 min dollardan çox qazanan fiziki şəxslər üçün gəlir vergisi dərəcəsinin artırılması; miras vergisi bazasının genişləndirilməsi; ildə azı 1 milyon dollar qazanan fiziki şəxslər üçün kapital artımına görə vergisi dərəcəsinin artırılması.

Baydenin seçki kampaniyasının vergi planı üzrə Vergi Siyasəti Mərkəzi tərəfindən aparılan müstəqil təhlil göstərib ki, bu, 10 ildə 2,1 trilyon dollar gəlir gətirəcək, hərçənd administrasiyanın planı, çox güman, daha az həcmdə olacaq.

Ümumi uzunmüddətli stimullaşdırma proqramı hələ açıqlanmayıb, lakin analitiklər bu proqramı 2-4 trilyon ABŞ dolları aralığında qiymətləndirirlər. Ağ Ev planın COVID-19 ilə bağlı yardım barədə qanun layihəsinin imzalanmasından sonra açıqlanacağını bildirib.

Xəbər verildiyi kimi, daha əvvəllər ABŞ prezidenti Cozef Bayden pandemiya şəraitində iqtisadiyyatı dəstəkləmək üçün 1,9 trilyon dollar həcmində yeni dəstək tədbirləri paketini təsdiqləyib.

Layihənin son versiyası illik gəliri 80 min dolları (evli cütlüklər üçün 160 min dolları) keçməyən əksər amerikalı vergi ödəyicilərinə adambaşına 1 400 ABŞ dolları həcmində birbaşa ödəmələr edilməsini nəzərdə tutur. Bu cür xərclərə 400 milyard ABŞ dolları xərclənməsi planlaşdırılır.

Bundan əlavə, işsiz qalan 9,5 milyon insan üçün həftədə 300 dollar məbləğində federal işsizlik müavinətinin ödənilməsini nəzərdə tutulub.

Daha 350 milyard dollar ştat rəhbərliklərinə və yerli hakimiyyət orqanlarına maliyyə yardımı qismində ayrılacaq.

“Amerikanın xilası planı” həmçinin peyvəndlərin və tibbi ləvazimatların alınması üçün maliyyələşməni, ev təsərrüfatlarına, kiçik müəssisələrə, habelə ştat rəhbərliklərinə və yerli hakimiyyət orqanlarına yönəlmiş yeni təcili maliyyə yardımı paketini də əhatə edir.

Son xəbərlər

Orphus sistemi