2021-ci ilin birinci rübündə COVID-19 pandemiyasının yaratdığı böhrandan sonra qlobal ticarətin həcmi rekord səviyyədə bərpa olunaraq, illik göstəricidə 10 faiz artıb.
“Report” xəbər verir ki, bu barədə məlumat Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) çərşənbə günü Cenevrədə dərc etdiyi hesabatda verilir.
Ticarətin bərpasının 2021-ci ilin ikinci rübündə də davam edəcəyi, qlobal mal və xidmət ticarətinin 6,6 trilyon dollar səviyyəsinə çatacağı gözlənilir.
“COVID-19 səbəbiylə baş verən iqtisadi sarsıntılara baxmayaraq, qlobal ticarət ümumilikdə 2020-ci ildə nisbətən yaxşı səviyyədə qalıb”, – hesabatda qeyd olunur.
Bu nəticə pandemiya ilə mübarizədə qısa müddətdə müvəffəqiyyətə nail olmuş və beləliklə COVID-19 tədbirləri ilə əlaqəli məhsullara tələb artımını “kapitallaşdıra” bilmiş Şərqi Asiya ölkələrinin iqtisadiyyatlarının dayanıqlılığı hesabına əldə olunub.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı 2021-ci ildə ticarətin artımının təxminən 16 faiz (dəyər baxımından) olacağını, o cümlədən mal ticarətinin 19 faiz və xidmət ticarətinin 8 faiz artacağını proqnozlaşdırır.