Bu gün Avropa bazarlarında Böyük Britaniyadakı pərakəndə satışa dair məlumatların təsirilə yüksəliş qeydə alınır.
“Report” xəbər verir ki, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,28 faiz artaraq 6.352,03 bəndə, Fransanın “CAC 40” indeksi 0,43 faiz artaraq 5.497,97 bəndə, Almaniyanın DAX indeksi 0,16 faiz artaraq 13.107,4 bəndə çatıb.
Qeyd edək ki, Böyük Britaniyada oktyabr ayında pərakəndə satışların həcminin əvvəlki aya nisbətən 1,2 faiz, illik hesabla 5,8 faiz artması fond bazarına müsbət təsir edib. Həmçinin “PSA Group” (“Pegeout – Citroen”) ilə FCA (“Fiat – Crysler Automobiles”) şirkətlərinin birləşəndən sonra yaradacaqları “Stellantis” şirkətinin listinqinə dair Niderland hökumətinin icazə verməsi, birləşmədən sonra buraxılacaq səhmlərin də Nyu-York Fond Birjasında (NYSE) satılacağı barədə xəbərlərin də müsbət təsiri var. Belə ki, “PSA Group”un səhmləri 0,6 faiz bahalaşıb.
Digər tərəfdən, yeni koronavirus dərmanına dair xəbərlərin yaratdığı yüksək ovqatın artıq sönüklədiyi qeyd olunur. “CMC Markets”in eksperti Maykl Hyuson WSJ-ə bildirib: “Son bir həftə ərzində bir neçə peyvənd barədə xəbərlərin təəssüratı altında babat artıma şahid olsaq da, indi, deyəsən, bazarda daha çox qısamüddətli amillərə diqqət yetirməyə başlayıblar. Ona görə də tələbat zəifləyir”.