Cenk Eynehan: “PASHA Yatırım Bankası” iş adamları üçün "maliyyə körpüsü" olub”

Cenk Eynehan: “PASHA Yatırım Bankası” iş adamları üçün "maliyyə körpüsü" olub” 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, azərbaycanlılar Türkiyədə 148 firma açıblar və 1 279 ev alıblar
Maliyyə
5 Aprel , 2021 12:41
Cenk Eynehan: “PASHA Yatırım Bankası” iş adamları üçün maliyyə körpüsü olub”
Cenk Eynehan

"Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dolları (98 milyard türk lirəsi), Azərbaycanın isə Türkiyəyə investisiyalarının həcmi 19,5 milyard ABŞ dolları təşkil edir".

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu “PASHA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.”nin Baş direktoru Cenk Eynehan bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı bütün xarici şirkətlərin təxminən 21,6 %-i Türkiyə investisiyalarının payına düşür: “2020-ci ildə Türkiyə və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi təxminən 4,5 milyard ABŞ dolları təşkil edib”.

O bildirib ki, bu ilin mart ayında qüvvəyə minən iki ölkə arasında Preferensial Ticarət haqqında yeni sazişə əsasən, iki ölkə arasında ticarətin həcminin 15 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu sazişə 15 məhsul qrupu üzrə kvotaların və gömrük vergilərinin sıfırlanması üçün vacib tədbirlər daxil olunub”.

O həmçinin əlavə edib ki, gələcəkdə iki ölkənin ikiqat vergitutmanın aradan qaldırılması və yeni ticarət razılaşmalarına nail olmaq üçün çalışılacaq: “İki ölkə arasında bui ilin aprelin 1-dən qüvvəyə minən vizasız səfər edilməsi iqtisadi əlaqələr üçün çox müsbət addımdır”.

O vurğulayıb ki, 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, azərbaycanlılar Türkiyədə 148 firma açıblar və 1 279 ev alıblar.

Rəhbərlik etdiyi bankın fəaliyyətinə və bankın iki ölkə arasındakı mövqeyinə gəldikdə isə C. Eynehan bildirib ki, “Pasha Bank” Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı biznesə investisiya qoymağı hədəfləyən iş adamları üçün "maliyyə körpüsü" olub: “Üç ölkə Asiya ilə Avropa arasında dəmir yolu yükdaşıma sahəsində yeni bir dövrü başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttində əməkdaşlıq edib. 2017-ci ilin oktyabr ayında istifadəyə verilən bu xətt Pekindən Londona qədər uzanan Orta Dəhlizin ən vacib birləşdirici nöqtəsinə çevrilib”.

Son xəbərlər

Orphus sistemi